Maliyyə Nazirliyinin Apelyasiya Şurasına 6 hal üzrə 9 müraciət daxil olub

Maliyyə Nazirliyinin Apelyasiya Şurasına 6 hal üzrə 9 müraciət daxil olub Bütövlükdə 6 ayda dövlət büdcəsinin gəlirləri üzrə 6133,8 mln. manat daxilolma qeydə alınıb, xərclər 6821,5 mln. manat təşkil edib
Maliyyə
22 İyul , 2016 15:42
Maliyyə Nazirliyinin Apelyasiya Şurasına 6 hal üzrə 9 müraciət daxil olub

Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyində Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara və 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin müzakirəsinə və qarşıda duran digər vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında maliyyə naziri, Kollegiyanın sədri Samir Şərifov 2016-cı ilin ilk altı ayının sosial-iqtisadi yekunlarından bəhs edib.

Nazir deyib ki, hazırda qlobal səviyyədə davam edən mürəkkəb siyasi və iqtisadi proseslər fonunda yaranmış yeni iqtisadi şəraitdə prezident İlham Əliyevin rəhbərliyi ilə əvvəlki illərdə qazanılmış böyük iqtisadi potensial və aparılan iqtisadi islahatlar, o cümlədən iqtisadiyyatın diversifikasiyası, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların, eləcə də ixracın təşviqi, habelə idarəetmənin təkmilləşdirilməsi və digər tədbirlər sayəsində xarici təsirlərin ölkə iqtisadiyyatına mənfi təsirləri minimuma endirilib.

Qurumun açıqlamasında deyilir ki, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hökumətin gələcək fəaliyyətində prioritet istiqamətlər kimi sənaye istehsalını və kənd təsərrüfatının inkişafını önə çəkib, iqtisadiyyatın aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, iqtisadi səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına dair hökumət qarşısında mühüm vəzifələr qoyub.

Bütövlükdə 6 ayda dövlət büdcəsinin gəlirləri üzrə 6133,8 mln. manat daxilolma qeydə alınıb, xərclər 6821,5 mln. manat təşkil edib. Yaranmış 687,7 mln. manat kəsir əsasən xəzinə qalığı hesabına örtülüb.

Dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlərin 2016-cü ilin ilk yarısında da davam etdirildiyini vurğulayan nazir qeyd edib ki, yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əmək haqqı, müavinət, pensiya və digər sosial xərclər, həmçinin dövlət borcu üzrə öhdəliklər və digər xərclər tam və vaxtında maliyyələşdirilib. Nazir qeyd edib ki, cari ilin ikinci yarısında da sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcək.

Cari ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələrindən danışan Kollegiyanın sədri 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və büdcə zərfini hazırlanıb aidiyyəti üzrə təqdim edilməsini xüsusiylə qeyd edib. Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2017-ci il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin ilkin layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə və Hesablama Palatasına göndərilib.

Kollegiya iclasında Maliyyə Nazirliyinin Apelyasiya Şurasının 2016-cı ilin 1-ci yarım ili üçün hesabatı dinlənilmişdir. Maliyyə nazirinin müavini, Apelyasiya Şurasının sədri Azər Bayramov bildirib ki, qısa müddət ərzində Maliyyə Nazirliyinin Apelyasiya Şurasının üzərinə qoyulmuş vəzifələrin icrası məqsədilə Şuranın təşkilati məsələləri həll edilmiş, Apelyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyəti effektiv şəkildə qurularaq sahibkarların müraciətlərinə baxılması işində səmərəlilik təmin edilib. Qeyd olunub ki, cari ilin birinci yarımilliyində Maliyyə Nazirliyinin Apelyasiya Şurasına 6 hal üzrə 9 müraciət daxil olub.

İclasda həmçinin, Maliyyə Nazirliyində struktur dəyişikliklərin aparılması tədbirləri və kollegiyanın yeni tərkibinin təsdiq edilməsi, “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”nın təsdiq edilməsi haqqında Maliyyə Nazirliyinin müvafiq qərarına dəyişikliklər, dövlət vəsaitinin təyinatdankənar istifadəsinə və büdcə təşkilatlarının fəaliyyətində maliyyə qaydalarının pozulmasına görə qanunvericiliyə edilmiş dəyişikliklərlə bağlı məsələlər də müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

Sonra Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Maliyyə Nazirliyinin 5 nəfər əməkdaşına medallar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi