Yuxarı

​Bu il Azərbaycanda milli valyutada olan bank depozitləri 37% azalıb

Banklardakı valyuta depozitləri isə ilin əvvəlindən 93% artıb

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında manatla yerləşdirilən depozitlərin həcmi 2015-ci il may ayının 1-nə 4 580,3 mln. manat təşkil edib. Son bir ayda bu göstərici 512,3 mln. manat və ya 10% azalıb. Cari ilin əvvəli ilə müqayisədə isə azalma 2 695,5 mln. manat və ya 37% təşkil edib.

Azərbaycan Mərkəzi Bankından "Report"a verilən məlumata görə, xarici valyutada olan bank depozitləri mayın 1-nə 7 978,7 mln. manat təşkil edib ki, bu da aprelin 1-nə nisbətən 964,8 mln. manat və ya 13,7% çoxdur. İlin əvvəlindən isə valyuta depozitləri 3 848,4 mln. manat və ya 93,2% artıb.

"Report"un analitik qrupu qeyd edir ki, xarici valyutaya olan tələbin artım tendensiyası hələ də davam edir: "Milli valyutada yerləşdirilən depozitlərin azalması ilə xarici valyutada depozitlərin artması rəqəmləri arasında isə 450 mln. manat qədər fərq var. Yəni banklara etimad artsa da, müştərilər milli valyutaya hələ də ehtiyatla yanaşır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi