Bu il avtomobillərin icbari sığortası üzrə 215 572 elektron icbari sığorta müqaviləsi bağlanıb

Bu il avtomobillərin icbari sığortası üzrə 215 572 elektron icbari sığorta müqaviləsi bağlanıb Bu barədə İcbari Sığorta Bürosu məlumat yayıb
Maliyyə
4 Aprel , 2017 14:49
Bu il avtomobillərin icbari sığortası üzrə 215 572 elektron icbari sığorta müqaviləsi bağlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bu ilin birinci rübü ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 215 572 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

“Report” İSB-yə istinadən xəbər verir ki, bunların 29 808-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri olub.

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 16 849 376 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 10,2% azalma, sığorta haqlarının məbləğində isə 16,6% azalma müşahidə olunub.

Xatırladaq ki, 1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.

Hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (AzərbaycanDövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi