Bakı. 1 sentyabr. REPORT.AZ/ Böyük Britaniya funtu ölkədə iyun ayının 24-də keçirilən Brexit səsverməsinin müsbət nəticələnməsindən sonra proqnozlaşdırılan pessimizmin əksinə gözlənilmədən yaranan iqtisadi nikbinlik fonunda möhkəmlənməyə başlayıb.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniya iqtisadiyyatı ilə bağlı açıqlanan bir sıra göstəricilərin ölkədə dayanıqlı iqtisadi artımın bərpa oluna biləcəyi ehtimallarını artırması funtun dollarla müqayisədə minimal həddən 4%-ə yaxın güclənməsinə səbəb olub.
Funt sterlinq, bu gün, sentyabrın 1-də açıqlanan istehsal sektorunda işgüzar fəallıq indeksinin proqnozlaşdırılan 49 əvəzinə 53,3 bənd olması fonunda avro və dolalrla müqayisədə möhkəmlənməyə başlayıb. Belə ki, bu gün funt sterlinq ABŞ dolları ilə müqayisədə 1% və ya 0,013 bənd möhkəmlənərək 1,327, avro ilə müqayisədə isə 1,1% və ya 0,013 bənd möhkəmlənərək 1,1905-ə çatıb. Dünən, avqustun 31-də açıqlanan ev təsərrüfatlarının inam indeksinin iyul ayında itirdiyi mövqelərininin yarısını geri qaytardığı müşahidə olunub. Bu da, Britaniyanın Avropa İttifaqı (Aİ) olmadan da iqtisadi inkişafını təmin edəcəyini göstərib.