BP və tərəfdaşları bu il Azərbaycanda sosial layihələrə 3,3 mln. dollar xərcləyib

BP və tərəfdaşları bu il Azərbaycanda sosial layihələrə 3,3 mln. dollar xərcləyib Bakı. 12 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə təqribən 3,3 mln. ABŞ dolları xərcləyib.
Maliyyə
12 Noyabr , 2018 11:16

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə təqribən 3,3 mln. ABŞ dolları xərcləyib.

"Report" xəbər verir ki, bu barədə BP və onun Azərbaycandakı layihələrdəki tərəfdaşlarının orta məktəblərin yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək layihəsinin təqdimatında bildirilib.

Layihənin ümumi dəyəri, təxminən, 800 min manat təşkil edir.

Tədbirdə çıxış edən "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, son 3 ildə BP və tərəfdaşlarının sosial investisiya layihələrində əsas yeri təhsil sahəsi tutub.

Bu gün təqdimatı keçirilən layihədən də danışan B.Aslanbəyli deyib ki, bu üç illik layihə çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda informatika təmayüllü orta məktəblər üçün kurikulum və bu sahədə əlavə dərs və tədris vəsaitlərinin hazırlanması nəzərdə tutulur. O qeyd edib ki, Bakıdan seçilmiş 25 orta məktəbin 50 müəlliminə ingilis dili və müasir dünyada informatika, informatikanın prinsipləri və informatika mövzuları üzrə təlimlər də keçilir: "Həmin müəllimlər yeni hazırlanmış kurikulumun və yeni dərs və tədris vəsaitlərinin ilk tətbiqini öz məktəblərində həyata keçirəcəklər.

Bugünkü gənclərin hansı karyeranı seçməsindən asılı olmayaraq informatika sahəsində düzgün bilik və bacarıqlara yiyələnməsi onların bu rəqəmsal dövrdə öz arzu və məqsədlərinə çatmasına yardım edəcək. Bu gün təqdim etdiyimiz layihədən indiki mərhələdə 50 müəllim və 600 nəfərədək şagird bəhrələnir. Ümid edirik ki, layihə informasiya texnologiyaları vasitəsilə sıx bağlanmış bu yeni dünyamızda onlara uğur qazanmaq üçün lazım olan bacarıq və bilikləri verəcək".

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva İKT sahəsində həyata keçirilən tədbirlərdən, bu günkü layihənin əhəmiyyətindən danışıb və bildirib ki, bu layihə ümumilikdə 30 məktəbi əhatə edəcək, müəllimlər 6 ay təlim keçəcəklər, 8 ay isə ingilis dili kurslarına cəlb olunacaqlar. O məlumat verib ki, 2019-cu ildə Azərbaycanda beynəlxalq informatika olimpiadası keçiriləcək və tədbirdə 90-dan çox ölkənin iştirakı gözlənilir. 

Qeyd edək ki, layihənin məqsədi orta məktəblərin yuxarı sinif şagirdlərinə müasir və rəqabətədavamlı informatika bilikləri və bacarıqları aşılamaq və beləliklə onların yeni qlobal informasiya iqtisadiyyatına inteqrasiyasına kömək etməkdir. LayihəniTəhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində, Beynəlxalq Təlim və Layihə Mərkəzi icra edir. 

Son xəbərlər

Orphus sistemi