Yuxarı

"​Bloomberg": Rublun yenidən ucuzlaşması gözlənilir

Bu, Azərbaycan manatının məzənnəsinə neqativ təsir göstərə bilər

Bakı. 4 may. REPORT.AZ/ Rusiyanın milli valyutası yenidən ucuzlaşmağa başlaya bilər. "Report"un verdiyi xəbərə görə, "Bloomberg" agentliyinin analitik, iqtisadçı və treyderlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən, ilin sonuna qədər Rusiya rublu 2016-cı ildə dollarla müqayisədə qazandığı mövqelərin yarısını itirə bilər. 

Qeyd edək ki, dolların Rusiyada maksimal (rekord) məzənnəsi yanvarın 21-də 86 RUB/USD-yə bərabər olub. Bundan sonra, dollar 22 rubl və ya 25,6% ucuzlaşaraq aprelin 29-da 64 RUB/USD-yə enib. Beləliklə, "Blomberg"in 35 ekspert arasında keçirdiyi sorğunun nəticələrinə görə, dolların məzənnəsinin təqribən 75 rubla qədər artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, rubl son 12 ildə may ayında dollarla müqayisədə zəifləyir. Əksər analitiklər neft qiymətlərində gözlənilən azalma fonunda rublun da dəyərdən düşəcəyini ehtimal edirlər. 

"UBS Group"un İnkişafda olan bazarlara investisiyalar Departamentinin direktoru Xorxe Mariskal qeyd edib ki, qısa zamanda neft qiymətlərində dayanıqlı artım gözlənilmədiyinə görə, rublun möhkəmlənməsindən söz gedə bilməz. "Veles Kapital"ın direktoru Yevgeni Şilenkov isə bildirib ki, neft qiymətlərindəki korreksiya ilə bərabər mayın ikinci yarısında rublun məzənnəsində azalma gözlənilir.

"Report"un analitik qrupu hesab edir ki, rublun dəyər itirməsi Azərbaycan manatının da məzənnəsinə neqativ təsir edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi