Azərbaycanın blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi beynəlxalq səviyyədə müzakirə olunub

Azərbaycanın blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi beynəlxalq səviyyədə müzakirə olunub Oktyabrın 9-dan 11-nə qədər Rusiyanın Soçi şəhərində keçirilmiş “Finopolis 2019” forumunda Azərbaycan Mərkəzi Bankının (AMB) pilot layihə kimi yaratdığı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi dəyirmi masa arxasında müzakirə edilib.
Maliyyə
15 Oktyabr , 2019 11:22
Azərbaycanın blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi beynəlxalq səviyyədə müzakirə olunub

Oktyabrın 9-dan 11-nə qədər Rusiyanın Soçi şəhərində keçirilmiş “Finopolis 2019” forumunda Azərbaycan Mərkəzi Bankının (AMB) pilot layihə kimi yaratdığı blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sistemi dəyirmi masa arxasında müzakirə edilib.

“Report” xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Rusiya Bankının (Mərkəzi Bank) təşkil etdiyi və ölkənin ən böyük innovativ maliyyə texnologiyaları tədbiri hesab olunan “Finopolis 2019”un əsas məqsədi ölkənin maliyyə və bank sektorunun rəqəmsallaşması fonunda innovativ texnologiyaların tətbiqinin təşviqi və dəstəklənməsindən ibarətdir. Forumda müxtəlif ölkələrdən 130-dan çox məruzəçi, innovativ maliyyə texnologiyaları üzrə 1400-dən artıq ekspertlər iştirak edib və geniş fikir mübadiləsi aparıblar.

Forumda Türkiyə, Rusiya, Çin və Qazaxıstan mərkəzi banklarının maliyyə texnologiyaları sahəsində innovativ layihələri və bu sahədə gələcək planları müzakirə edilib. Həmçinin, Rusiyada fəaliyyət göstərən banklar, “startap”lar və maliyyə bazarının texnoloji şirkətlərinin tətbiq etdiyi maliyyə texnologiyaları və layihələri haqqında təqdimatlar keçirilib.

Rusiya Bankı və Rusiya Maliyyə Texnologiyaları Assosiasiyasının dəvətilə tədbirdə spiker qismində iştirak edən AMB-nin nümayəndəsi ölkə prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılan blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin məqsədi və tətbiqi nəticəsində əldə ediləcək faydalar barədə məlumatı auditoriyanın diqqətinə çatdırıb. O, bildirib ki, adıçəkilən layihənin realizasiyası nəticəsində fiziki və hüquqi şəxslər banka yaxınlaşmadan məsafədən bank xidmətlərini operativ şəkildə əldə edə biləcək, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsinə ehtiyac olmayacaq və bununla da məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması təmin ediləcək.

Forum iştirakçılarının ciddi marağına səbəb olmuş təqdimat nəticəsində uzaq və yaxın qonşu ölkələrin nümayəndələri AMB-yə səfər arzusunda olduqlarını, o cümlədən paylanılmış reyestr texnologiyasının bank sistemində tətbiqi üzrə əməkdaşlıq etmək niyyətlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi