Ekspertlər: ​Bitkoinin kəskin bahalaşması gözlənilir

Ekspertlər: ​Bitkoinin kəskin bahalaşması gözlənilir Beynəlxlaq birjalarda bitkoinə cari tələb getdikcə artır
Maliyyə
24 Dekabr , 2015 14:25
Ekspertlər: ​Bitkoinin kəskin bahalaşması gözlənilir

Bakı. 24 dekabr. REPORT.AZ/ Gələn ilin yay aylarına qədər beynəlxalq birjalarda bitkoinin dəyəri 8 dəfə artaraq 3 500 dollara çata bilər. "Report" xəbər verir ki, bunu Çin Bitkoin Birjasının (BTCC) baş direktoru Bobbi Li "Reuters" agentliyinə müsahibəsində bildirib. Qeyd edək ki, hazırda bir bitkoin 440 dollara satılır. 

Baş direktor hazırda dünyada tədavüldə olan bitkoinlərin ümumi dəyərinin adambaşı 1 dollar olduğunu qeyd edib: "Nəzərə aslaq ki, söhbət innovativ sərbəst rəqəmsal aktivdən gedir, biz onu layiqincə qiymətləndirməmişik".

"Global Advisors" bitkoin hedj fondunun qurucularından olan Deniel Masters hesab edir ki, 2016-cı ildə bitkoinin qiyməti 1 100 dollara, 2017-ci ildə isə 4 400 dollara yüksələ bilər. Buna səbəb Çin yuanının zəifləməsi və bəzi şirkətlərin virtual pulların hesablarında istifadəsinə loyal yanaşmağa başlaması göstərilir.

Qeyd edək ki, Rusiya Maliyyə Nazirliyi oktyabr ayında bitkoinlərin saxlanması və tədavülə buraxılmasını 4 il həbs cəzası ilə cəzalandırmağı təklif etdiyi halda, Avropa məhkəməsi eyni vaxtda bitkoinlərin tədavülünü vergidən azad edib.

Bitkoin dünyada ən geniş yayılan kriptovalyutadır. Bu rəqəmsal pul olub, emissiyası və hesablanması şifrələnmə əsasında qurulub. Bitkoinlərin emissiyası mayningdən keçir. Bunu həyata keçirən maynerlər, öz kompüterlərinin hesablama gücündən istifadə edərək şəbəkəyə yeni bloklar əlavə edir və onlara yeni tranzaksiya məlumatları əlavə edirlər. Məlumat bazasının genişləndirilməsinə mükafat olaraq isə maynerlər bitkoin əldə edirlər. Bu məlumat bazası "blokçeyn" adlanır. Qeyd edək ki, bitkoinlərin sayı məhduddur - 21 mln. ədəd.

Bitkoinin məzənnəsi çox dalğalıdır. Məsələn, 2013-cü ildə ABŞ-da bitkoinin leqal tədavül vasitəsi elan edilməsindən sonra onun qiyməti kəskin artaraq 1 242 dollara çatıb. 5 il bundan əvvəl isə bitkoinin qiyməti 0,5 dollar olub. O zaman Laslo adlı amerikalı 10 min bitkoinə özünə 2 pizza sifariş verib. Bugünkü məzənnə ilə pizzaların qiyməti 4,4 mln. dollara bərabərdir.

Qeyd edək ki, bitkoin Azərbaycanda virtual valyuta kimi tanınıb və onun tədavülünün rəsmiləşdirilməsi düşünülür. İyun ayının 24-də Polşa maliyyə nəzarəti orqanının əməkdaşı Adam Yanişevski, Azərbaycan Vergilər Nazirliyində təşkil olunmuş seminarda bitkoinlərin ölkədə tətbiqinin vacibliyindən danışıb. Qeyd edək ki, Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər İdarəsi TAIEX ekspert missiyası üzrə Avropa Komissiyasına "Nağdsız hesablaşmaların stimullaşdırılması" mövzusunda müraciət edib.

Son xəbərlər

Orphus sistemi