Bitkoinin məzənnəsi sürətlə artır

Bitkoinin məzənnəsi sürətlə artır Yunanıstandakı iqtisadi böhran bu virtual pula olan tələbatı xeyli artırıb
Maliyyə
2 İyul , 2015 14:32
Bitkoinin məzənnəsi sürətlə artır

Bakı. 2 iyul. REPORT.AZ/ Yunanıstanda iqtisadi böhran səbəbindən bankomatlarda vəsaitin nağdlaşdırılması üçün 60 avro məbləğində limitin tətbiqi nəticəsində əhali virtual pul olan bitkoinə üz tutub. Dövlətin bank hesablarını dondurmaq fikri ilə bağlı şayiələr də artdıqca bitkoinə tələbat sürətlənib. Belə ki, bitkoin satışını həyata keçirən yerli BTCGrecece.com adlı internet saytı bitkoin satışını çatdırmayınca adambaşı bitkoin satış limitini gündəlik 1 000 avrodan 250 avroya qədər azaldıb.

"Report" xəbər verir ki, bu xəbərdən sonra yunanlar beynəlxalq bitkoin satışı həyata keçirən saytlara üz tutublar. Yunanlar dünyanın 8 200 şəhərində və 244 ölkəsində istifadə olunan Localbitcoins.com adlı saytdan limitsiz bitkoin alıb-satmağa (elektron cüzdan vasitəsi ilə) başlayıblar. Qeyd edək ki, hazırda BTCGrecece.com saytında 1 bitkoinin qiyməti 240 avrodur.

Maraqlıdır ki, Azərbaycanda da bitkoinin tədavülə buraxılması gözlənilir. Belə ki, Vergilər Nazirliyi Avropa Komissiyasının TAIEX proqramına "Nağdsız hesablaşmaların stimullaşdırılması" mövzusunda müraciət edib. Müraciət müsbət qarşılanıb, ekspert ayrılıb və digər texniki məsələlər həll olunduqdan sonra Vergilər Nazirliyinin inzibati binasında seminar təşkil olunub.

Qeyd edək ki, bitkoinlər əsasında sövdələşmələr üçüncü şəxsin iştirakı olmadan aparılır. Artıq ABŞ, Almaniya və bir çox digər dövlətlər rəqəmsal valyutanı qəbul edir. Çin öz banklarının bitkoin işlətməsinə qadağa qoysa da, biznesdə onun istifadəsinə icazə verilir.

Xatırladaq ki, 2009-cu ildən istifadəyə verildikdən sonra bitkoinin dəyəri bir neçə min dəfə qalxıb. Şirkətlərin çoxu xidmətləri və malları üçün tədricən bitkoini qəbul edir və istehlakçıların çoxu ondan istifadə etməyə başlayıb. Virtual valyuta getdikcə qlobal maliyyə səhnəsində özünə mühüm yer tutur. Hazırda bitkoindən yararlanmaq üçün müvafiq proqramdan istifadə edən hər bir şəxs sözügedən valyuta vasitəsilə istənilən ödənişi edib, istənilən malı ala bilər. Bu zaman tranzaksiyalara görə aşağı faiz tutulur, yatırımlar üçün əlverişli depozit faizləri təklif olunur. Bütün bunlar bitkoin pullarına dünyada marağı artırır.

Bildirək ki, 25 aprel 2010-cu ildə ilk rəsmi bitkoin satışı həyata keçirilib - 1000 bitkoin 0,3 sentə dəyişdirilib. Yalnız 2011-ci ilin fevral ayında bitkoin dollarla paritetə çatıb və artıq 2011-ci il iyunun 9-da məzənnə 29,57 dollar/bitkoina yüksəlib. Daha sonra 2 dollara qədər ensə də, 2013-cü ilin aprelində 266 dollara yüksələn bitkoin sonra yenidən 50 dollara qədər ucuzlaşıb. Həmin ilin noyabrında isə bitkoin 1 000 dollara qədər bahalaşıb və 2015-ci il yanvarında yenidən 200 dollara enib.

Son xəbərlər

Orphus sistemi