Yuxarı

Biləsuvar rayon İcra Hakimiyyətinin fəaliyyətində nöqsanlar aşkarlanıb

Müxtəlif mebel və inventarların podratçı təşkilat tərəfindən məktəblərə təhvil verilməsi tam təmin olunmayıb

Bakı. 30 avqust. REPORT.AZ/ Hesablama Palatası tərəfindən həyata keçirilmiş audit nəticəsində Biləsuvar rayon İcra Hakimiyyətinin fəaliyyətində nöqsanlar aşkarlanıb. 

"Report" bu barədə dövlət büdcəsindən 2013-2015-cı illərdə Biləsuvar rayon İcra Hakimiyyətinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrinə istinadən xəbər verir.

Auditə əsasən, Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən layihə təklifləri verilməzdən əvvəl investisiya layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb. Həmçinin, məktəblərin tikintisi üçün layihə smeta sənədlərinin tərtibində “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin binalarla bağlı bəzi tələblərinə əməl edilməyib, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2009-2013-cü illər) nəzərdə tutulan 5 tədbir vaxtında başa çatdırılmayıb.

Audit 9 tədbiri, o cümlədən 5 məktəb, 1 inzibati bina və 2 yolun tikintisi, həmçinin “Biləsuvar rayonu ərazisində abadlıq və quruculuq işlərinin yerinə yetirilməsi Layihəsi" üzrə ümumilikdə 31 363,8 min manat məbləğində vəsaiti əhatə edib.

Tikintisi başa çatdırılmış məktəb binalarının istismara verilməsi üçün tərtib olunan dövlət qəbul komissiyasının aktlarından əvvəl işçi komissiyasının aktları tərtib olunmadığı, 4 obyekt üzrə son ödəmə texniki təminat müddəti nəzərə alınmadan həyata keçirildiyi qeyd olunub.

Bir sıra hallarda sonradan üstü örtülən işlərin və məsul konstruksiyalarının qəbulu, su, istilik, qaz təchizatı və kanalizasiya sistemlərinin və s. sınaqları barədə müvafiq aktlar tərtib edilmyib, yerinə yetirilməyən bəzi tikinti-quraşdırma işləri qəbul aktlarına daxil edilib, bir sıra hallarda müxtəlif mebel və inventarların podratçı təşkilat tərəfindən məktəblərə təhvil verilməsi tam təmin olunmayıb.

Hesablama Palatasının Kollegiyası Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması barədə qərar qəbul edib.

Kollegiya, eyni zamanda, istismara verilmiş obyektlər üzrə müddət nəzərə alınmaqla keyfiyyət zəmanəti kimi saxlanılmış vəsaitlərin ödənilməsinə əsas verən, eləcə də tikintinin keyfiyyətinin qoyulmuş tələblərə uyğunluğunun yoxlanılması məqsədilə meyarların müəyyənləşdirilməsini tənzimləyən normativ sənədin hazırlanması üçün Hesablama Palatası tərəfindən Nazirlər Kabinetinə müvafiq təklif verilməsi ilə də bağlı qərar qəbul edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi