Sumqayıt Dövlət Universitetində artıq xərclərə yol verilib

Sumqayıt Dövlət Universitetində artıq xərclərə yol verilib Hesablama Palatası: Təhsil haqları tam toplanılmayıb
Maliyyə
17 İyul , 2017 16:44
Sumqayıt Dövlət Universitetində artıq xərclərə yol verilib

Bakı.17 iyul. REPORT.AZ/ Hesablama Palatasının Kollegiyası dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

“Report”un Palataya istinadən verdiyi xəbərə görə, audit nəticəsində bəzi istiqamətlər üzrə artıq xərclərə yol verildiyi, təhsil haqlarının tam toplanmaması aşkar edilib.

Auditlə əhatə olunan 2014-2016-cı illərdə təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borcu kimi, müxtəlif səbəblərdən Universitetdən xaric edilmiş, akademik məzuniyyətə gedən xarici və yerli tələbələr, doktorant və dissertantlar üzrə ödənilməmiş təhsil haqqı borcu debitor borc kimi uçota alınmayıb. Həmçinin təhsil haqqının düzgün müəyyən edilməməsi nəticəsində təhsil haqqı az alınıb, dövlət sifarişi ilə təhsil alan və tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən Universitetdən xaric olunan tələbələrin təhsil haqqı üzrə ödənilmiş vəsait geri qaytarılmayaraq müxtəlif məqsədlərə istifadə edilib, akademik borca görə təkrar təhsilə cəlb olunmuş tələbələrdən kredit haqqının alınması təmin edilməyib. Dövlət sifarişi ilə təhsil alan tələbələrin 2014/2015-ci tədris ilində 60,2%-i, 2015/2016-cı tədris ilində 76,4%-i, 2016/2017-ci tədris ilinin payız semestrində isə 69,1%-i imtahanlarda aşağı nəticələr göstəriblər.

Malların (işlərin və xidmətlərin) satınalınması zamanı qanunvericilik aktlarının bəzi tələblərinə əməl edilməyib, bəzi hallarda malların (işlərin və xidmətlərin) satınalma məbləği ayrı-ayrı müqavilələrə bölünərək icra edilib. Həmçinin, satınalmalarda iştirak etmək məqsədilə satınalan təşkilata satın alınacaq malların siyahısı və şərtlər toplusunun əldə edilməsi məqsədilə şirkətlər tərəfindən ərizə ilə müraciət edilmədiyi halda onlara qiymət təklifləri təqdim edilib, malların alışını təsdiq edən qaimə-fakturanın yekun məbləğinin artıq göstərilməsi nəticəsində artıq vəsait ödənilib, malların ehtimal olunan qiymətləri düzgün müəyyən edilmədiyindən tenderdə qalib təşkilatın qiymət təklifləri bazar qiymətlərindən baha olub və nəticədə auditlə əhatə olunan dövrdə mal-materialların alınması üçün artıq xərcə yol verilib. Bununla yanaşı tələbat olmadığı halda alınmış avadanlıqlar uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərc edilib.

Təmir-tikinti işləri zamanı layihə-smeta sənədləri tərtib olunmamış və təmir işlərinin ehtimal olunan qiymətinin təyin edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yanında Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət edilməyib, yerinə yetirilməmiş təmir işlərinə görə podratçıya vəsait ödənilib. 

Universitetin gəlirləri 2014-cü ildə 6 332,1 min manat, 2015-ci ildə 7 375,3 min manat, 2016-cı ildə 9 174,0 min manat, xərcləri müvafiq olaraq 5 690,3 min manat, 6 858,9 min manat və 8 418,7 min manat olub. 2016/2017-ci tədris ilində bakalavriat təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu planı 40 ixtisas üzrə 1 865 nəfərə qarşı 1 394 nəfər və ya 74,7% yerinə yetirilib. Tələbə qəbulu planı 2014/2015 tədris ilində 36 ixtisas üzrə 1 385 nəfərə qarşı 1 242 nəfər və ya 89,7% yerinə yetirillib.

Son xəbərlər

Orphus sistemi