Beynəlxalq audit şirkətləri Azərbaycanın bağlanmış banklarının aktivlərinin qiymətləndirilməsinə cəlb olunur

Beynəlxalq audit şirkətləri Azərbaycanın bağlanmış banklarının aktivlərinin qiymətləndirilməsinə cəlb olunur Məqsəd ləğvetmə prosesində şəffaflığın və qiymətləndirmənin beynəlxalq standartlara uyğun təmin edilməsidir
Maliyyə
21 Fevral , 2017 14:48
Beynəlxalq audit şirkətləri Azərbaycanın bağlanmış banklarının aktivlərinin qiymətləndirilməsinə cəlb olunur

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu kommersiya banklarının aktivlərinin qiymətləndirilməsinə beynəlxalq audit şirkətlərini cəlb etməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə ADİF-in açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, ləğvedici tərəfindən ləğv prosesində olan 9 müflis bankın aktivlərinin qiymətləndirilməsinə baxmayaraq, ləğvetmə prosesində şəffaflığın və qiymətləndirmənin beynəlxalq standartlara uyğun təmin edilməsi məqsədi ilə beynəlxalq audit şirkətlərinə həmin bankların qiymətləndirilməsi üçün təklif məktubu göndərilib. Bunlar “Ernst & Yanq”, “Grant Thornton”, “Pricewaterhouse Coopers”, “Moss Adams Azərbaycan”, “Moore Stephens Azerbaijan”, “Deloitte & Touche”, “KPMG Azərbaycan”, “Baker Tılly Audit Azərbaycan”, “RSM Azerbaijan”, “BDO Azərbaycan” şirkətləridir. Artıq “Baker Tılly Azərbaycan” və “RSM Azerbaijan” şirkətlərindən əməkdaşlığa hazır olmaları barədə cavab məktubu alınıb. Digər beynəlxalq audit şirkətlərindən isə cavablar gözlənilir.

Bütün şirkətlərdən cavab məktubları daxil olduqdan sonra əməkdaşlığa hazır olan şirkətlərlə məlumatın məxfi saxlanılması haqqında müqavilə imzalanacaq. Növbəti mərhələdə ləğv prosesində olan banklar üzrə bütün məlumatlar təkliflərin hazırlanması üçün həmin audit şirkətlərinə ötürüləcək. Ləğv prosesində olan banklar üçün qiymət təklifləri alındıqdan sonra müvafiq qaydada beynəlxalq audit şirkətləri seçiləcək.

Ləğv prosesində olan “Bank Standard” QSC-nin qiymətləndirilməsi KPMG şirkəti, ləğv prosesinə dair hüquqi rəyin verilməsi isə "BM Morrison" şirkəti tərəfindən artıq həyata keçirilib. Beynəlxalq audit şirkətlərinin qiymətləndirilməsindən sonra qiymətləndirmə yekunlaşacaq.

Məhkəmə kreditorların siyahısını təsdiq etdikdən sonra ləğvetmə planlarını təsdiqləyəcək və kreditorlar komitəsinin yaranmasına etiraz etməzsə, ləğvedici tərəfindən kreditorlar komitəsi yaradılacaq. Yuxarıda göstərilən prosedurlardan sonra hər bir ləğv prosesində olan bankın müfəssəl ləğv planı, o cümlədən aktivlər və öhdəliklər haqqında məlumat kreditorlara və ictimaiyyətə açıqlanacaq. Sonra satış qaydalarına müvafiq olaraq açıq hərrac yolu ilə əmlakların satışı təşkil olunacaq. Daxil olunan vəsaitlər “Banklar haqqında” qanuna müvafiq ardıcıllıqla kreditorlara ödəniləcək.

Son xəbərlər

Orphus sistemi