“Başak İnam Sığorta”nın xarici səhmdarı payını satmaq istəyir

“Başak İnam Sığorta”nın xarici səhmdarı payını satmaq istəyir Hələ ki, bu payı almaq istəyən yoxdur
Maliyyə
23 Dekabr , 2016 10:05
“Başak İnam Sığorta”nın xarici səhmdarı payını satmaq istəyir

Bakı. 23 dekabr. REPORT.AZ/ “Başak İnam Sığorta” ASC-nin səhmlərinin 14%-nə nəzarət edən Türkiyənin "Groupama Sıgorta" şirkəti payını satmaq istəyir. Bu barədə “Report”a sığorta bazarındakı mənbə bildirib.

Onun sözlərinə görə, buna səbəb türk şirkətinin sahibi olan Fransanın “Groupama” şirkətinin Türkiyədəki sığorta biznesini satmaq istəməsidir. Son nəticədə fransızlar Azərbaycan bazarından da çıxmağa qərar veriblər.

Bununla belə, hələ ki, “Groupama Sigorta”nın “Başak İnam Sığorta”dakı payını almaq istəyən yoxdur. Hazırda Azərbaycan şirkətinin səhmdarlarının diqqəti daha çox digər səhmdara – ləğvetmə prosesində olan “Zaminbank” ASC-yə yönəlib.

Məsələ ondadır ki, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Zaminbank”ın vaxtilə “Başak İnam Sığorta”nın nizamnamə kapitalına yatırdığı 1,7 mln. manat vəsaiti geri çəkmək istəyir. Bu isə o deməkdir ki, şirkətin məcmu kapitalı indiki 5 mln. manatdan 3,3 mln. manata düşəcək və kapitalla bağlı sığorta şirkətlərinə qarşı müəyyən edilmiş minimum tələbnamə (5 mln. manat) pozulacaq.

Odur ki, “Başak İnam Sığorta”nın səhmdarları təcili olaraq şirkətin nizamnamə kapitalını artırmalı və “Zaminbank”ın yerini doldurmalıdır. Bu məsələ səhm sahiblərinin ötən gün keçirilmiş növbədənkənar ümumi yığıncağında müzakirə edilib. İclasın yekununda qəbul edilmiş qərarın gələn həftə açıqlanacağı gözlənilir.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i "Zaminbank"a, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi