Yuxarı

“Banklar haqqında” qanunda dəyişiklik edilib

Qanunu Prezident İlham Əliyev imzalayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. “Report” xəbər verir ki, dəyişikliyə əsasən, bu qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçiriləcək.

Qeyd edək ki, “Banklar haqqında” qanunun 81.1-ci maddəsinə əsasən, aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılır:

81.1.1. qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən satılmasına yol verilir;

81.1.2. bankın borclarının təminatı olan və qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan kreditorlar tərəfindən bu aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda satılmasına yol verilir.

81.2. Ləğvedici bu Qanunun 81.1-ci maddəsində nəzərdə tutulmuş aktivlərin açıq hərracda qənaətbəxş qiymətlə sata bilməyəcəyini müəyyənləşdirərsə, məhkəmə ona aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər.

81.3. Bu Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir.

81.4. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi