​"Bank VTB (Azərbaycan)"ın rublda verilən kreditləri 1 mlrd. rublu ötüb

​"Bank VTB (Azərbaycan)"ın rublda verilən kreditləri 1 mlrd. rublu ötüb Rubl kreditlərinin 78%-i və ya 795 mln. rublu istehlak kreditlərinin payına düşür
Maliyyə
5 Dekabr , 2014 15:28
​Bank VTB (Azərbaycan)ın rublda verilən kreditləri 1 mlrd. rublu ötüb

Bakı. 5 dekabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC tərəfindən rublda verilən kreditlərin ümumi həcmi 2014-cü il dekabrın 1-nə 1 mlrd. rubl həddini ötüb.

"Report"un verdiyi xəbərə görə, rubl kreditlərinin böyük hissəsi (78%) istehlak kreditlərinin payına düşüb və 795 mln. rubl təşkil edib. İstehlak kreditlərinin strukturunda təqribən 10% və ya 78 mln. rubl avtokreditlərin payına düşür. Həmçinin korporativ müştərilərə 166,5 mln. rubl həcmində kredit verilib, kiçik və orta sahibkarlığın maliyyələşməsinə isə 50 mln. rubl ayrılıb.

Rusiya valyutasından kreditləşmə üçün istifadə edilməsi "Bank VTB (Azərbaycan)"ın fəaliyyətində yeni istiqamətdir və 2014-cü ilin avqust ayından tətbiq olunur.

"Bu, korporativ və pərakəndə biznes üçün kifayət qədər maraqlı və sərfəli istiqamətdir. Rusiyadakı tərəfdaşları ilə ticarət əlaqələri quran bir çox şirkətlər gəliri rublla əldə edirlər. Bu şirkətlər konvertasiya ilə bağlı bir çox risklərin və sazişlər imzalanarkən ortaya çıxan çətinliklərin qarşısını almaq üçün müqavilələri rubl əsasında bağlamağa hazırdırlar. Rusiya tərəfinə gəldikdə isə xarici ticarətdə ödənişlərin rublla aparılması zamanı valyuta nəzarəti proseduru asanlaşır, ödənişlər sürətlə həyata keçirilir", - "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev qeyd edib.

Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" ASC Rusiyanın "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB (Azərbaycan)"ın səhmdarları qismində "VTB Bank" və Azərbaycanın "AtaHolding" ASC çıxış edir. Bank əsasən korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 12 filial və baş ofis yanında müştəri xidmətləri idarəsi ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi