Yuxarı
    Bağlamaq

    "Bank VTB (Azerbaijan)" iki filialının bağlanmasına aydınlıq gətirib

    Bank filial şəbəkəsini optimallaşdırır

    Bakı. 6 aprel. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC filial şəbəkəsinin optimallaşdırılması tədbirləri çərçivəsində 2 filialı - “Azadlıq” və “Sumqayıt” filiallarının lisenziyalarının ləğv edilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib.

    “Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

    Məlumatda deyilir ki, filial şəbəkəsinin optimallaşdırılması Bankın korporativ bizneslə işin gücləndirilməsinə yönəlmiş 3 illik yeni strategiyasının tərkib hissəsidir: “Strategiya çərçivəsində bank, filial şəbəkəsinin konsolidasiyasını həyata keçirir və əvvəllər bankın müştəri bazasının əsas hissəsini təşkil edən pərakəndə müştəriləri üçün nəzərdə tutulan filiallarını birləşdirir. Optimallaşdırma prosesi başladıqdan sonra bankın korporativ biznesinin nail olduğu müsbət nəticələr bu strategiyanın məqsədəuyğun və effektiv olduğunu göstərir”.

    Qeyd edək ki, artıq MBNP bu müraciətlə bağlı müsbət qərar qəbul edib.

    “Bank VTB (Azerbaijan)” müştərilərini əmin edib ki, filialların bağlanması Bankın xidmət səviyyəsinə yalnız müsbət təsir göstərəcək: “Müştərilər bankın istənilən filialına müraciət edə bilər - baş ofis yanında Müştəri Xidmətləri İdarəsi, “Əcəmi”, “Sahil”, “Gəncə”, “Neftçilər”, “Elmlər” və “Gənclik” filiallarının işi adi rejimdə davam edir. Tətbiq olunan “Vahid Xidmət” sistemi fiziki və hüquqi şəxslərə hesab açdıqları filiala bağlı olmadan bank əməliyyatlarını istənilən filialda həyata keçirməyə imkan verir”.

    Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə adı çəkilən holdinqin Müşahidə Şurası sədrinin birinci müavini Əşrəf Kamilova məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi