Yuxarı
    Bağlamaq

    "Bank VTB (Azerbaijan)" dövlət xətti ilə ipoteka kreditləşməsinə başlayıb

    Bank həmçinin Elektron ipoteka sisteminə qoşulub

    Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə "Bank VTB (Azerbaijan)" ASC ipoteka kreditlərinin verilməsinə başlayıb. AİF tərəfindən 2015-ci ilin sonuna qədər bank üçün limit müəyyənləşdirilib. "Report"un banka istinadən verdiyi xəbərə görə, bank artıq “Elektron ipoteka” sisteminə də qoşulub.

    “İndi bizim bank da AİF standartlarına uyğun ipoteka krediti xidməti göstərə biləcək. Həmçinin AİF-in “Elektron ipoteka” sisteminə də qoşulmuşuq. Bu da vətəndaşların ipoteka almaq üçün banka müraciət proseduralarını asanlaşdırır”, - bankının İdarə heyətinin üzvü Tural Vəliyev bildirib.

    AİF standartları üzrə ipoteka krediti Azərbaycan vətəndaşlarına 3-25 il müddətinə verilir. Kreditin məbləği 50 min manatdan çox ola bilməz. Kredit üzrə illik faiz dərəcəsi 8% təşkil edir, ilkin ödəniş isə 20%-dir.

    Dövlət ipoteka proqramı həmçinin güzəştli ipoteka kreditini də nəzərdə tutur. Güzəştli ipoteka krediti şəhidlərin ailə üzvlərinə, milli qəhrəmanlara, məcburi köçkünlərə və ya ona bərabər tutulan şəxslərə, 3 ildən az olmayan müddətdə dövlət qulluğunda çalışanlara, elmlər namizədi və ya doktoru elmi dərəcəsi, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə verilir. Bundan başqa, bu seqmentə 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olan, eləcə də istefaya və ehtiyata buraxılmış hərbi qulluqçular daxildir. Hər bir ailə güzəştli ipotekadan yalnız bir dəfə istifadə edə bilər.

    Güzəştli ipoteka üzrə illik faiz dərəcəsi 4%, ilkin ödəniş isə 15% təşkil edir. Güzəştli kreditin məbləği 50 min manatı, müddəti isə 30 ili keçməməlidir.

    Qeyd edək ki, 2015-ci ilin noyabrından "Bank VTB (Azerbaijan)" AİF-in müvəkkil banklar siyahısına daxil olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi