"Bank Standard"ın sanasiyasına başlanılıb

"Bank Standard"ın sanasiyasına başlanılıb Sanator-bank qismində "Azər-Türk Bank" çıxış edəcək
Maliyyə
4 İyul , 2016 10:07
Bank Standardın sanasiyasına başlanılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Bu gündən etibarən “Bank Standard” QSC-də əmanətlərin ödənişi üzrə mövcud moratoriumun vaxtının bitməsi ilə əlaqədar, müvafiq məhdudiyyətlər aradan qaldırılıb və hüquqi və fiziki şəxslər artıq öz vəsaitlərindən istifadə edə bilərlər.

"Report"un verdiyi xəbərə görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) məlumat yayıb. 

Qeyd edək ki, Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə MBNP tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə məhkəmə qərarı ilə 4 iyul tarixinədək moratorium tətbiq olunmuş, sosial ödənişlərin icrası üçünsə MBNP-nin müraciəti əsasında Mərkəzi Bank tərəfindən ona likvidlik dəstəyi göstərilib. Ötən dövr ərzində bankın aktivlərinin səfərbər olunması istiqamətində görülmüş tədbirlər nəticəsində iyun ayından xırda əmanətlərin ödənilməsinə başlanıb, “Bank Standard”ın maliyyə dayanıqlığının tam bərpası məqsədilə xüsusi sağlamlaşdırma proqramı hazırlanıb.

Bankın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusı çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq,fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilib. Qərara əsasən, “Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sağlamlaşdırılacaq. Sağlamlaşdırma proqramına görə “Azər-Türk Bank” ASC tərəfindən 3 avqust 2016-cı il tarixinədək “Bank Standard”ın idarəetmə orqanları yenidən formalaşdırılacaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.

Bu arada bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait ayrılıb. Banka vəsaitlər sanator-bank olan “Azər-Türk Bank” tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına 1 illik kredit xətti formasında ayrılıb.

Son xəbərlər

Orphus sistemi