Yuxarı
    Bağlamaq

    ​“Bank Standard”ın rəhbərliyinin yeni tərkibi açıqlanıb

    Bu gün bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib

    Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün “Bank Standard” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. "Report"a daxil olan məlumata görə, yığıncaqda QSC-nin Müşahidə Şurası və Audit Komitəsinin tərkibi yenidən formalaşdırılıb, İdarə Heyətinin tərkibində isə dəyişikliklər edilib.

    Bankın Müşahidə Şurasının sədri Rumiyə Məmmədova, üzvləri Xəyyam Əliyev və Elşad Şirinbəyov təyin olunublar. Audit Komitəsinin sədri Zamiq Məmmədov, üzvləri Raman Abışov və Paşa Əhmədzadə təyin ediliblər. Bundan başqa, Xalid Əhədov İdarə Heyətinin sədri, Mustafa Rəşidov isə İdarə Heyətinin üzvü vəzifələrinə təyin olunublar.

    Müşahidə Şurasının yeni sədri R.Məmmədova 1994-cü ildən bank sektorunda fəaliyyət göstərir və 8 dekabr 2014-cü il tarixindən “Azər-Türk Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

    İdarə Heyətinin yeni sədri X.Əhədov 1998-ci ildən bank sektorunda fəaliyyət göstərir və bu təyinatından öncə “Unibank" ASC-nin baş icraçı direktoru vəzifəsində çalışıb.

    Ümumilikdə, Bankın idarəetmə orqanlarına yeni təyin olunan üzvlərin bilik və bacarıqlarına, bank fəaliyyəti sahəsində təcrübələrinə və şəxsi keyfiyyətlərinə görə Bankın sağlamlaşdırılması prosesində və gələcək fəaliyyətində böyük töhfələr verəcəkləri istisna olunmur.

    Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasında, həmçinin 4 avqust 2016-cı il tarixindən “Bank Standard”ın sağlamlaşdırılması proqramının birinci mərhələsinin icrasına başlanılması qərara alınıb. Sanasiya proqramının icrası ilə bağlı ictimaiyyətə Bank tərəfindən ətraflı məlumat veriləcək.

    Xatırladaq ki, ölkənin maliyyə sektorundakı mövqeyi, aktivlərinin xüsusi çəkisi və sistem əhəmiyyəti nəzərə alınaraq, səlahiyyətli orqanlarla razılaşdırılmış şəkildə “Bank Standard”ın sanasiyası barədə qərar qəbul edilib. Qərara əsasən, "Bank Standard"ın səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsi ilə sağlamlaşdırılması, bu ilin avqustun 3-nə qədər "Azər-Türk Bank" tərəfindən idarəetmə orqanlarının yenidən formalaşdırılması və həmin tarixdən etibarən Bankın fəaliyyətinin biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edilməsi nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi