Yuxarı

“Bank Standard” iri əmanətlərin qaytarılmasına başlayır

Hüquqi şəxslər Bankdakı cari hesablar üzrə əməliyyatları məhdudiyyətsiz apara bilər

Bakı. 3 avqust. REPORT.AZ/ Sabahdan "Bank Standard" QSC-nin sağlamlaşdırma (sanasiya) proqramının birinci mərhələsinin icrasına başlanılır. "Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumata görə, “Bank Standard”da yaranmış maliyyə problemlərinin tənzimlənməsi məqsədilə təyin olunan yeni rəhbərlik tərəfindən hazırlanmış sanasiya proqramı Bankın likvidliyinin artırılması, kapital, aktivlərinin keyfiyyəti və uzunmüddətli dayanıqlığının təmin edilməsi ilə yanaşı həmçinin, əhalinin Bankda olan əmanətlərinin mərhələli şəkildə tam həcmdə qaytarılmasını nəzərdə tutur.

Sağlamlaşdırma proqramı müştərilər qarşısında öhdəliklərin icrası ilə yanaşı, həm də Bankın gələcək dayanıqlı inkişaf strategiyasının bir hissəsi kimi çıxış edir və ölkənin ən böyük maliyyə institutlarından birinin bazardakı rolunun gücləndirilməsinə yönəlib. Bankın sağlamlaşdırılması prosesi mərhələli şəkildə aparılacaq.

Sanasiya  proqramının birinci mərhələsi çərçivəsində fiziki şəxslərin “Bank Standard”dakı 30 000 manata qədər (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və 2016-cı ildə vaxtı bitən əmanətləri üzrə vəsaitlər limitsiz şəkildə ödəniləcək.

Müştərilərin “Bank Standard”dakı 30 000 manatdan artıq (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və 2016-cı ildə vaxtı bitən əmanət qalıqları üzrə vəsaitlərin ödənilməsi ilə bağlı bir neçə təklif nəzərdə tutulur. Hazırlanmış təkliflərlə bağlı müştərilərə əlavə məlumat veriləcək.

Müddəti 2016-ci ildən sonra başa çatan əmanətlər üzrə tədbirlər planı sağlamlaşdırma proqramının 2017-ci ildə həyata keçiriləcək ikinci mərhələsi çərçivəsində hazırlanacaq və bu ilin sonunadək təqdim olunacaq.

Sanasiya proqramı çərçivəsində həm ölkə daxilində, həm də ölkə xaricində “Bank Standard” QSC-nin plastik kartlarının fəaliyyəti bərpa edilir. Qeyd olunan tarixdən hüquqi şəxslərin “Bank Standard”dakı cari hesabları üzrə əməliyyatlar məhdudiyyətsiz aparıla bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi