"Bank Silkway"in aktivləri 26% artıb

"Bank Silkway"in aktivləri 26% artıb Bank 2016-cı ilin 3 rübünü 5,7 mln. manat xalis mənfəətlə başa vurub
Maliyyə
14 Oktyabr , 2016 16:23
Bank Silkwayin aktivləri 26% artıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Bu il, oktyabrın 1-nə "Bank Silkway" ASC-nin cəmi aktivləri 393,508 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% çoxdur.

"Bank Silkway"in aktivlərinin 358,901 mln. manatını və yaxud 91,2%-ni müştərilərə verilən kreditlər təşkil edib. Bu 1 il əvvələ nisbətən 36,9% çoxdur.

Son 1 ildə Bankın cəmi öhdəlikləri 43,3% artaraq 280,462 mln. manat olub. Bunun 170,103 mln. manatını və yaxud 60,7%-ni Bankın depozit portfeli təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,4% çoxdur.

Əhalinin "Bank Silkway"dəki əmanətləri isə 62,6% artaraq 105,916 mln. manata çatıb.

İl ərzində Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 22,6% azalaraq 22,5 mln. manata düşüb.

Oktyabrın 1-nə kredit təşkilatının cəmi kapitalı illik müqayisədə 2,8% azalaraq 113,046 mln. manat olub.

Hesabat dövründə "Bank Silkway"in faiz gəlirləri 10,4% artaraq 19,636 mln. manat, faiz xərcləri 9,5% artaraq 10,061 mln. manat, qeyri-faiz gəlirləri 48,1% artaraq 12,103 mln. manat, qeyri-faiz xərcləri isə 9,35% azalaraq 7,911 mln. manat təşkil edib. Beləliklə, Bankın xalis əməliyyat mənfəəti 13,767 mln. manat olub.

Bunun 7,795 mln. manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına, 303 min manatı isə mənfəət vergisinin ödənilməsinə yönəldilib. Son nəticədə "Bank Silkway" 2016-cı ilin ilk 3 rübünü 5,669 mln. manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, ötən ilin eyni dövründən Bank 3,411 mln. manat xalis mənfəətlə çıxıb.

Xatırladaq ki, "Bank Silkway" 2008-ci ildə yaradılıb, 1993-cü ildən fəaliyyət göstərən "Azalbank"ın hüquqi varisidir. Onun nizamnamı kapitalı 101 544 885 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 149,5 manat olan 679 230 səhm əsasında formalaşıb. 

Son xəbərlər

Orphus sistemi