“Bank Respublika”nın məqsədi bazarda qalmaq deyil, bazarın liderlərindən biri olmaqdır” - MÜSAHİBƏ

“Bank Respublika”nın məqsədi bazarda qalmaq deyil, bazarın liderlərindən biri olmaqdır” - MÜSAHİBƏ “Report” agentliyi “Bank Respublika” ASC-nin təsisçisi Natiq Quliyevlə müsahibəni təqdim edir
Maliyyə
31 Mart , 2017 15:55
“Bank Respublika”nın məqsədi bazarda qalmaq deyil, bazarın liderlərindən biri olmaqdır” - MÜSAHİBƏ

Bakı. 31 mart. REPORT.AZ/ “Report” “Bank Respublika” ASC-nin təsisçisi Natiq Quliyevlə müsahibəni təqdim edir:

- Sirr deyil ki, ikili devalvasiyadan sonra Azərbaycanın bir çox bankı problemlərlə üzləşib. Hazırda banklar həmin problemləri həll etmək üçün tədbirlər görürlər. “Bank Respublika”da vəziyyət necədir və bankın yeni şərtlərlə ayaqlaşması üçün hansı işlər həyata keçirilir?

- Sözsüz ki, milli valyutanın devalvasiyası bank sektoru üçün ciddi sınaq oldu. Bir çox banklar yaranmış durum nəticəsində böyük zərərə uğradı. Fikrimcə, bunun iki əsas səbəbi var. Birinci səbəb ümumi kredit portfelində dollar kreditlərinin həcminin yüksək olması idi. İkinci səbəb isə bir çox bankların menecmentinin vaxtında yeni şəraitə uyğunlaşa bilməməsi, adekvat idarəetmə usullarının tədbiqində və qərarların verilməsində səhvlərə yol verməsi idi. Təəssüf ki, həmin amillər “Bank Respublika”dan da yan keçmədi. Lakin bu bankda problemlərin miqyası nisbətən aşağı olub. Nəticə etibarı ilə, hazırda bank güclü brend, aşağı həcmdə dollar portfeli, adekvat portfel keyfiyyəti və yüksək likvidiyi ilə seçilir. Yeni şərtlərlə ayaqlaşmaq üçün atılan əsas addım kimi, ilk öncə bankın idarəedici komandasının peşakarlarla gücləndirilməsini vurğulamaq istəyirəm.

- Son bir ildə ikinci dəfədir ki, bankınızın nizamnamə kapitalı artırılır. Ötən ilin sonlarına yaxın 20 mln. manatlıq kapital artımından sonra yenidən bankın nizamnamə fonduna 20 mln. manat kapitalın qoyulması nəzərdə tutulur. Bu nə ilə bağlıdır? Bankın zərəri kapitalı çox silir?

- Bildiyiniz kimi, səhmdar kapitalının artırılmasında başlıca məqsəd bankın inkişafına dəstək verməkdir. Əfsuslar olsun ki, hazırda bu, qismən də olsa zərərin təsirini azaltmağa yönəldilib. Bu səbəbdən, keçən ilin sentyabr ayında nizamnamə kapitalının 20 mln. manat məbləğində artırılmasına qərar verdik. Bir neçə gün öncə isə, səhmdarların ümumi yığıncağında nizamnamə kapitalının yenidən 20 mln. manat artırılması haqqında yekdilliklə qərar qəbul edildi.

Azərbaycan iqtisadiyyatında Prezident İlham Əliyevin başladığı və uğurla həyata keçirilən islahatlar bank sektorunda da yeni imkanlar yaradır. Qeyri-nağd əməliyyatların stimullaşdırılması, gömrük və vergi siyasətinin yenilənməsi, həmçinin dövlət tərəfindən maliyyə sektorunda aparılan önəmli islahatların müsbət təsiri artıq hiss olunur. Məhz bu islahatlara arxalanaraq, Bankın uzunmüddətli inkişaf strateqiyasında səhmdar kapitalının 2018-ci ilin sonuna qədər 100 mln. manata çatdırılmasını planlaşdırırıq.

- Bankın nizamnamə kapitalının ilk 20 mln. manatlıq artımından sonra səhmdarların pay bölgüsü necə dəyişib?

- Son emissiya nəticəsində bankın nizamnamə kapitalı 57,5 mln. manata çatdırılıb. Həmin artımda yalnız mövcud səhmdarlar iştirak edib. Nəticədə, bankın nizamnamə kapitalında mənim payım 46%-ə catdırılıb, ümumilikdə Quliyevlər ailəsinin payı isə 84% təşkil edib.

- İkinci 20 mln. manatlıq kapital artımı mövcud səhmdarların vəsaiti hesabına reallaşdırılacaq yoxsa banka yeni səhmdar cəlb oluna bilər?

- Bir daha vurğulamaq istərdim ki, artım yalnız mövcud səhmdarlar tərəfindən nəzərdə tutulur. Bu artımı qısa müddətdə həyata keçirməyə planlaşdırırıq. Nəticədə, nizamnamə kapitalının məbləği 77 mln. manata çatdırılacaq. Yeni səhmdarların cəlb olunması mövzusu gündəmdə deyil.

- Sonuncu kapital artımı qərarı səhmdarlar arasında necə bölünüb? Yəni, kim nə qədər pul qoyacaq və paylar necə dəyişəcək?

- Artımın səhmdarlar tərəfindən mövcud paylarına uyğun həyata keçirilməsi planlaşdırılır. Əlavə olaraq, artımdan sonra nizamnamə kapitalının 5%-lik hissəsi Müşahidə Şurasının (MŞ) yeni sədri qismində banka cəlb olunmuş Şakir Rəhimova təqdim olunacaq. Belə bir beynəlxalq təcrübənin bizim bankda tətbiqi, idarəetmədə iştirak edən şəxslərin bankın uzunmüddətli hədəflərində maraqlı olmasını təmin etmək məqsədini daşıyır. Mən belə bir innovativ yanaşma vasitəsilə bank sistemində peşəkarların idarəetməyə cəlb olunmasını Azərbaycanda ilk dəfə tətbiq etməkdən məmnunluq hissi duyuram.

- Kapital artımının yalnız mövcud səhmdarlar hesabına həyata keçirildiyini deyirsiz. Amma tanınmış azərbaycanlı milyader Fərhad Əhmədovun "Bank Respublika"nın səhmdarı olması barədə xəbərlər gəzir. Fərhad Əhmədov və "Bank Respublika"nın adının bir yerdə çəkilməsi nədən qaynaqlanır?

- Mən Fərhad Əhmədovu tanıyıram və onun kimi uğurlu iş adamını partnyor qismində görməkdən şad olardım. Lakin düşünmürəm ki, belə bir iş birliyi onun maraqları ilə uyğun gələr.

- “Bank Respublika”da diqqəti çəkən məqamlardan biri də rəhbərliyin dəyişməsidir. Bu ilin yanvar ayında İdarə Heyətinin (İH) sədri dəyişib. Bu vəzifəyə MŞ-nın üzvü Asəf Namazov gətirilib. İH bankı birbaşa idarə edir, onun dəyişməsi başa düşüləndir. MŞ sədrinin dəyişməsi isə bankın sahibinin dəyişməsi kimi qiymətləndirilə bilər. Bu postda Quliyev Elçini Rəhimov Şakir əvəz edib. Nə üçün ən böyük səhmdarın nümayəndəsi bankda bir nömrəli vəzifədən kənarlaşdırılır?

- İlk növbədə bildirmək istərdim ki, ötən il noyabrın 30-dan Müşahidə Şurasının sədri vəzifəsini özüm icra edirdim. Bankımızda digər bankların təcrübəsindən yararlanmaq məqsədilə mən Azərbaycanda ən qabaqcıl bankirlərdən biri olan Şakir Rəhimovu MŞ-ya dəvət etmişəm. O, strateji planlaşdırma və idarəçilikdə geniş bilik və təcrübəyə malik olan bir peşəkardır. Şakirlə 2014-cü ildən tanışam və elə həmin dövrdən onu banka cəlb etmək barəsində düşünmüşəm. Maliyyə bazarında baş verən hadisələr, “Bank Respublika”da yeni bilik və təcrübənin tətbiqi zərurəti artmaqla mənim qərarıma təkan oldu. O, “Warwick Business School”da biznes administrasiyası üzrə magistr dərəcəsi alıb və hazırda Standford Universitetində təhsilini davam etdirir.

Asəf Namazova gəldikdə isə, bildirmək istərdim ki, mən onu uğurlu və peşəkar bir menecer kimi tanıyıram. O, uzun müddətdir ki, bankda, həmçinin mənim digər şirkətlərimdə rəhbər vəzifələrdə çalışıb, yüksək idarəçilik və liderlik qabiliyyətlərini nümayiş etdirib. Məhz bu səbəbdən Asəf Namazovun İH-nin sədri vəzifəsində təyin olunması təklifini irəli sürmüşəm. Hesab edirəm ki, bu iki təyinatla biz bankın gələcək inkişafının təməlini qurub, ona təkan vermiş olduq.

- Yəqin siz də eşitmisiz, cəmiyyətdə “Bank Respublika”nın Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova məxsus olduğu barədə müxtəlif şayiələr gəzir. Halbuki, onun adı bankın səhmdarları sırasında yoxdur. Belə bir məlumat haradan ortaya çıxıb? Siz bu söz-söhbətlərə əsaslı faktlarla nə vaxt son qoymağı düşünürsüz?

- Məni sevindirir ki, “Bank Respublika” o qədər cəlbedicidir ki, onun adını belə tanınmış şəxslərlə əlaqələdirirlər. Elman Rüstəmov mənim çox hörmət etdiyim şəxs və peşəkar dövlət xadimlərindən biridir. Elman müəllimlə hər bir bank səhmdarı kimi uzun illər ərzində çox səmimi, peşəkar münasibətlərimiz yaranıb. Lakin “Bank Respublika”nın sahibləri yalnız rəsmi hesabatlarda qeyd olunan şəxslərdir. Bu hesabatlardan göründüyü kimi, mənim əsas tərəfdaşlarım Almaniyanın iki tanınmış maliyyə institutudur. Bunlardan biri “KfW” (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü “DEG” İnvestisiya Şirkəti, digəri isə “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “Sparkassen International Development Trust”dır.

- Nizamnamə kapitalının artırılması “Bank Respublika”nın bazarda qalmaqda israrlı olduğuna bir işarədir. Bankın saxlanılması üçün daha hansı planlar mövcuddur?

- “Bank Respublika”nın məqsədi bazarda qalmaq deyil, bazarın liderlərindən biri olmaqdır. Qeyd etdiyim islahatlara əlavə olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank sektorunda həyata keçirilən sağlamlaşdırma tədbirləri də ümumən maliyyə sektorunun dayanaqlı inkişafına xidmət edir. Bütün bunlar bank sahəsində biznesin aparılmasını daha da cəlbedici edib. Bunlara əsaslanaraq bankımız hazırda yeni strategiya üzərində çalışır və bu layıhə çərçivəsində beynəlxaq təcrübədən yararlanmaq üçün tanınmış maliyyə qurumunu cəlb etmışik. 

Son xəbərlər

Orphus sistemi