​"Bank of Baku" Mərkəzi Bankdan daha 20 mln. manat borc alıb

​"Bank of Baku" Mərkəzi Bankdan daha 20 mln. manat borc alıb Son bir ildə Bankın AMB qarşısında öhdəliyi 3 dəfə artıb
Maliyyə
3 Avqust , 2016 11:48
​Bank of Baku Mərkəzi Bankdan daha 20 mln. manat borc alıb

Bakı. 3 avqust. REPORT.AZ/ "Bank of Baku" ASC-nin məcmu aktivləri 2016-cı il iyulun 1-nə 587,387 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 24,4% azdır.

İyulun 1-nə Bankın aktivlərinin 55,7%-ni və yaxud 327,09 mln. manatını overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlər və lizinqlər təşkil edib. Bu, ötən il iyulun 1-nə nisbətən 39,5% azdır.

Son bir ildə "Bank of Baku"nun cəmi öhdəlikləri 21% azalaraq 522,655 mln. manat, cəmi kapitalı isə 43,9% azalaraq 64,732 mln. manat olub.

Bankın öhdəliklərinin 58,6%-ni və yaxud 306,092 mln. manatını müştərilərin depozitləri təşkil edib. Bu da illik müqayisədə 30,2% azdır.

Hazırda "Bank of Baku"nun Azərbaycan Mərkəzi Bankına borcu 60 mln. manatdır. Bunun 20 mln. manatı 2016-cı ilin II rübündə cəlb edilib. Ötən ilin II rübünün yekununda AMB-nin "Bank of Baku"ya qarşı tələbi 20 mln. manat olub. Başqa sözlə, son bir ildə Bank AMB qarşısında öhdəliyini 3 dəfə artırıb.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb.

Səhmlərin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi