"Bank of Baku": Dollar kreditlərini rəsmi məzənnə ilə manata çeviririk

"Bank of Baku": Dollar kreditlərini rəsmi məzənnə ilə manata çeviririk Bank kredit portfelində dolların payını əhəmiyyətli dərəcədə azaldıb
Maliyyə
25 Noyabr , 2016 14:20
Bank of Baku: Dollar kreditlərini rəsmi məzənnə ilə manata çeviririk

Bakı. 25 noyabr. REPORT.AZ/ "Bank of Baku" ASC-nin vaxtı keçmiş kreditlərinin artım tempi zəifləyib və kredit ödənişləri ilə bağlı vəziyyət sabitləşməyə doğru gedir.

"Report" xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov məlumat verib.

"Xarici valyutada krediti olan müştərilər üçün təqdim etdiyimiz güzəşt imkanları həm onlara ödənişlərini daha rahat şəkildə icrasına, həm də Bankın problemli kreditlərinin azalmasına imkan yaradıb. Müştəri bu gün kredit borcunu tam olaraq bağlamaq istəsə, 1,45 AZN/USD məzənnəsi ilə bu əməliyyatı icra edə bilər", - deyə İdarə Heyətinin sədri qeyd edib.

A.İbrahimov əlavə edib ki, bununla yanaşı, dollar kreditini manata çevirmək istəyən şəxslərə Mərkəzi Bankın həmin günə olan məzənnəsi ilə borcun konvertasiyası təklif olunur: "Bu güzəştlərlə müştərilərin məzənnə dəyişikliyindən əziyyət çəkməsinin və eyni zamanda kredit tarixçələrinin korlanmasının qarşısının alınmasına dəstək göstərmək niyyətindəyik".

Onun sözlərinə görə, bu tədbirlər nəticəsində "Bank of Baku"nun kredit portfelində dollarda olan istehlak kreditlərinin payı xeyli azaldılıb: "Hazırda kredit portfelinin cəmi 17%-i dollarda olan istehlak kreditlərinin payına düşür".

Bank rəhbəri onu da bildirib ki, "Bank of Baku"nun açıq valyuta mövqeyi olmadığına görə, dolların məzənnəsinin artmasından birbaşa ziyan çəkmir.

Son xəbərlər

Orphus sistemi