​"Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiyaların 80%-i ödənilib

​"Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiyaların 80%-i ödənilib Kompensasiyaların ödənilməsinə artıq "Gəncəbank" və "Texnikabank" üzrə də başlanılıb
Maliyyə
16 Fevral , 2016 10:17
​Bank of Azerbaijanın əmanətçilərinə kompensasiyaların 80%-i ödənilib

Bakı. 16 fevral. REPORT.AZ/ Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna agent bankların filiallarında yanvarın 29-dan başlanılıb və həmin gündən qorunan əmanətçilərə ümumilikdə nəzərdə tutulan cəmi kompensasiyanın 84%-i artıq ödənilib.

"Report"un Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) istinadən verdiyi xəbərə görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə indiyədək 20,339 mln. manatdan artıq kompensasiya verilib.

Həmçinin, Fonda üzv olan “Gəncəbank” ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib. Sığorta hadisəsi baş vermiş “Gəncəbank”ın qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 4-də başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə indiyə kimi ümumilikdə 492 min manatdan artıq kompensasiya ödənilib.

Ərizə formalarını “Bank of Azerbaijan” və “Gəncəbank”ın qorunan əmanətçiləri ƏSF-nin Bakı şəhəri, Bül-Bül prospekti,40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş bu bankların filiallarından, agent bankların filiallarından və www.adif.az saytından əldə etmək olar.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100% həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Bildirək ki, sığorta hadisəsi baş vermiş “Texnikabank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna fevralın 12-dən agent bankların filiallarında başlanılıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərə indiyədək 1,1 mln. manatdan artıq kompensasiya ödənilib.

Son xəbərlər

Orphus sistemi