Bakıda ABŞ dollarının alış və satışı valyutadəyişmə məntəqələrinin çoxunda aparılmır

Bakıda ABŞ dollarının alış və satışı valyutadəyişmə məntəqələrinin çoxunda aparılmır "Azər-Türk Bank" dollar satışını kiçik məbləğlə məhdudlaşdırıb
Maliyyə
30 Dekabr , 2015 12:18
Bakıda ABŞ dollarının alış və satışı valyutadəyişmə məntəqələrinin çoxunda aparılmır

Bakı. 30 dekabr. REPORT.AZ/ "Report" agentliyinin analitik qrupunun bu gün səhər saatlarında 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış və satışının məntəqələrin çoxunda aparılmadığını qeydə alıb. Bir neçə məntəqədə isə alış məzənnəsi 1,60 AZN/USD, satış məzənnəsi isə 1,72 AZN/USD elan olunsa da, əməliyyatların kiçik məbləğdə aparıldığı bildirilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi 1,5594 AZN/USD səviyyəsində açıqlansa da, dünən, dekabrın 29-da keçirilən valyuta hərraclarında tələbin qarşılanmaması nəticəsində bu gün valyuta bazarında müşahidə olunan qıtlıq davam edir. Xatırladaq ki, AMB dünəndən etibarən saat 15:30-da keçirdiyi hərracın vaxtını saat 11:45-ə keçirib. Əgər bugünkü hərracda da AMB tələbi qarşılamasa, satış məzənnəsinin bayram günlərində 2,00 manata doğru yüksələcəyi istisna edilmir.

Məlumat üçün bildirək ki, AMB dünən tələbin 50%-ni qarşıladığından, axsam saatlarında satış məzənnəsi 1,75 AZN/USD-yə yaxınlaşıb. Hazırda 28 May küçəsində yerləşən "Azər-Türk Bank" ASC-də dollar satışı həyata keçirilir və bu, 1,62 AZN/USD qiyməti ilə aparılır, satışın həcmi adambaşına 1 000 dollar məbləği ilə məhdudlaşdırılıb.

Qeyd edək ki, valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. Dekabrın 29-da 100 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün də yüksək olacağı gözlənilir. Həftəsonu yaranan məzənnə riskinə getmək istəməyən insanların Yeni il bayramına qədər manat vəsaitlərini dollara çevirəcəkləri istisna edilmir. Bu səbəbdən bayrama qədər AMB-nin valyuta satışının yüksək olması proqnozlaşdırılır. Rəsmi məzənnənin isə hər gün artması insanların valyuta alışını daha da stimullaşdırır.

Son xəbərlər

Orphus sistemi