Bakıda MDB ölkələrinin beynəlxalq bank konfransı keçirilir - YENİLƏNİB

Bakıda MDB ölkələrinin beynəlxalq bank konfransı keçirilir - YENİLƏNİB ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev: "Konfrans fikir mübadiləsinin aparılması və əməkdaşlığın genişləndirilməsi üçün çox effektli olacaq"
Maliyyə
14 Noyabr , 2014 11:50
Bakıda MDB ölkələrinin beynəlxalq bank konfransı keçirilir - YENİLƏNİB

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu gün Bakıda MDB ölkələrinin VII Beynəlxalq Bank Konfransı işə başlayıb. "Report"un xəbərinə görə, konfrans MDB İcraiyyə Komitəsinin dəstəyi ilə MDB Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankı tərəfindən təşkil olunub.

Konfransda maliyyə inteqrasiyası, maliyyə qurumları arasında əməkdaşlığın dərinləşməsi, innovasiya məsələləri, ödəmə sistemləri, yeni texnologiyaların tətbiqi, mərkəzi bankların tənzimləyici fuksiyaları kimi məsələr müzakirə olunacaq.

Tədbirin açılışında çıxış edən MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bu konfransın MDB məkanında maliyyə-bank sahəsində faydalı meydança olduğunu bəyan edib. Azərbaycan Beynəlxalq Bankı (ABB) İdarə Heyətinin sədri Cahangir Hacıyev isə bildirib ki, konfrans fikir mübadiləsinin aparılması və əməkdaşlığın genişləndirilməsi üçün çox effektli olacaq. Eyni zamanda, C.Hacıyev bəyan edib ki, Azərbaycan bank sistemində son vaxtlar kapitallaşmanın artımı müşahidə olunur ki, bu da çox mühüm məsələdir.

Konfransda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov AMB-nin bank sistemində risklərin azalması və prudensial nəzarət sahəsində apardığı işlər barədə məlumat verib. Onun sözlərinə görə, AMB bu sahədə ilk növbədə risklərin idarə edilməsi, "köpüklərin" yaranmaması və kapitallaşmanın artırılmasına diqqət yetirir. Gördüyü işlər nəticəsində ölkənin bank sistemində kapitallaşmanın həcmi 1,8 mlrd. manat artıb, hazırda sistemin məcmu aktivlərinin 99%-nə sahib olan banklar 50 mln. manatlıq minimal tələbə cavab verir. Bundan əlavə, istehlak kreditləşməsinin məhdudlaşdırılması və əhalinin bank borc yükünün azaldılması istiqamətində işlər aparılır ki, bu da həm bank sisteminin sağlam qalması, həm də makroiqtisadi baxımdan çox mühüm məsələdir.

Tədbirdə həmçinin MDB maliyyə bazarlarının əməkdaşlığı, uzunmüddətli kredit resurslarının mənbələri, transsərhəd ödənişlər, idxal-ixrac əməliyyatlarında bankların rolu, birjaların əməkdaşlığı, pul köçürmələri və ödəmə sistemləri kimi məsələr ətrafında müzakirələr aparılacaq.

Konfransın işində MDB ölkələrinin hökumət və müvafiq nazirliklərinin nümayəndələri, beynəlxalq inkişaf institutları, eləcə də MDB, Avropa və Asiya ölkələrinin milli və iri banklarının rəhbərləri iştirak edirlər.
Qeyd edək ki, tədbir iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi