Yuxarı

​Bakıda iqtisadi böhranın Azərbaycana təsiri ilə bağlı məsələlər müzakirə olunub

Cahangir Abdullayev: Mərkəzi Bank illik devalvasiyanı ictimaiyyətə öncədən xəbər verməlidir

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə "Böhran yeni imkanlar yaradır" mövzusunda seminar keçirilib.

"Report" xəbər verir ki, iş adamlarının iştirakı üçün nəzərdə tutulan tədbirdə son qlobal maliyyə böhranından sonra dünya müstəvisində baş verən dəyişikliklər, post-böhran dövründə dünyada müşahidə olunan gərgin iqtisadi proseslər və onların Azərbaycan iqtisadiyyatına təsiri müzakirə olunub. Seminarda yüzdən artıq iş adamı, analitik mərkəzlərin nümayəndələri, həmçinin Azərbaycan Milli Məclisi, İqtisadiyyat və Sənaye Nazirliyi, ASK, Türkiyənin "Rönesans" İnkişaf və İdarəçilik Elmləri İnstitutu və s. yerli bank, şirkət və təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə dünya iqtisadiyyatında baş verən mənfi dəyişikliklərə baxmayaraq, Azərbaycanın böhranla qarşılaşmadığını və inkişaf tempini qoruyub saxladığını bildirib.

Daha sonra türkiyəli iqtisadçı-analitik Nedim Narlı dünya bazarında neftin kəskin ucuzlaşdığı bir vaxtda Azərbaycanın önündə açılan yeni perspektivlərdən danışıb və bunun əsasən qeyri-neft ixracı sahəsini əhatə etdiyini vurğulayıb.

Seminarda iştirak edən Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cahangir Abdullayev isə milli valyutanın devalvasiyası mövzusuna toxunub. Devalvasiyanın kommersiya bankları üzərində yaratdığı mənfi təsirdən danışan C.Abdullayev Mərkəzi Bankın illik devalvasiya rəqəmini ictimaiyyətə öncədən xəbər verməsinin doğru olacağını qeyd edib. Onun fikrincə, bu, banklar üçün manat və dollarda cəlb olunan depozitlər üzrə faiz dərəcələrinin müəyyənləşdirilməsi baxımından vacibdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi