Yuxarı
    Bağlamaq

    Bakıda investorlar yarmarkası keçirilir

    Tədbir Azərbaycanda mikromaliyyə sahəsinin inkişaf perspektivlərinə həsr olunub

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə "Məsuliyyətli mikromaliyyəyə aparan yol" adlı investorlar yarmarkası işə başlayıb.

    "Report" xəbər verir ki, yarmarkanın məqsədi mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlar, donorlar və xidmət təminatçıları arasında əlaqələrin yaradılması və bugünkü rəqabətli bazarda məsuliyyətli maliyyələşmə istiqamətində qabaqcıl təcrübə və yarışmaların paylaşılması, investorlar və üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlığın yaradılmasıdır.

    İnvestorlar yarmarkası maliyyə qurumları üçün tərəfdaş təşkilatlarla ünsiyyətdə olmaq, ideya və təcrübələrini bölüşmək, potensial biznes əlaqələri yaratmaq, yeni ideyalar üçün maliyyələşmə təməlləri axtarmaq məqsədilə imkan təqdim edən bir tədbirdir. 

    Qeyd edək ki, 2015-ci il sentyabrın 1-nə Azərbaycanda 1,019 mlrd. ABŞ dolları həcmində kredit portfeli olan mikromaliyyə institutları hazırda 559 099-dan çox müştəriyə xidmət edir.

    Yarmarkanın ilk hissəsi innovativ məhsullar və bazar tədqiqatlarına həsr olunmuş iki plenar sessiyadan təşkil olunub və burada müştərilər və potensial müştərilərin spesifik bazar seqmentində ehtiyacları müzakirə ediləcək. Növbəti, "Paralel borclanma və artıq borclanma" sessiyasında bazarda artan borclanmanın qarşısının alınması üzrə yollar ətrafında müzakirələr aparılacaq.

    Daha sonra tədbir investorlar və xidmət təminatçıları ilə maliyyə təşkilatlarının təkbətək masa müzakirələri ilə davam edəcək. Bu sessiya qeyri-bank kredit təşkilatları, bank və lizinq təşkilatlarına daha çox təcrübə toplamaq, müasir kapital bazarındakı yeni imkanlar və texniki bacarıqların artırılması istiqamətində perspektivlərlə tanış olmaq üçün şərait yaradacaq.

    AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib ki, mikromaliyyə qaçqın və köçkünlərin dayağıdır, kiçik və orta sahibkarlığın əsasıdır. Azərbaycanda mikromaliyyə 17 illik tarixə malikdir: "Devalvasiya istehlakçılarda müəyyən problemlər yaradıb. BOKT-larla işimiz çətinliklərdən çıxış yollarını tədqiq etməkdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi