Yuxarı

Bakıda ​INTOSAI-nin xüsusi qrupunun iclası keçirilir

Üzv ölkələrdə dövlət satınalma müqavilələrinin auditinin keçirilməsinə dair təlimatın layihəsi müzakirə olunacaq

Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda Azərbaycan Hesablama Palatasının ev sahibliyi ilə Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun III Toplantısı keçirilir.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, toplantıda Belarus, Qırğızıstan, Çin, Latviya, Portuqaliya, Rusiya, Sloveniya və Zambiya ali audit qurumlarının nümayəndələri iştirak edirlər. Toplantıda 8 ölkədən 14 nümayəndə iştirak edir. 

Portuqaliya və Zambiya ali audit qurumlarının nümayəndələrinin Xüsusi Qrupun üzv ölkələrində satınalma müqavilələrinin auditi ilə əlaqədar pilot layihələrə dair hesabatları dinlənilib, pilot layihələrin nəticələri və dövlət satınalma müqavilələrinin auditi sahəsində beynəlxalq təşəbbüslər və qabaqcıl təcrübələrə dair monitorinqin nəticələri müzakirə edilib.

Toplantının gedişində Xüsusi Qrupa üzv ölkələrdə dövlət satınalma müqavilələrinin auditinin keçirilməsinə dair mövcud təcrübə və metodologiya nəzərə alınmaqla tərtib olunan təlimatın layihəsi müzakirə olunacaq. Toplantı işini sabah davam etdirəcək.

Qeyd edək ki, INTOSAI-ın Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupu Rusiya Hesablama Palatası və ABŞ Cavabdehlik Ofisinin birgə təşəbbüsü ilə yaradılıb. Bu təşəbbüs INTOSAI-ın 2013-cü ildə Çində keçirilmiş XXI Konqresində və İdarə Heyətinin 64-cü toplantısında bütün üzv ali audit qurumları tərəfindən dəstəklənərək qəbul edilib. Xüsusi Qrupa Rusiya Hesablama Palatası sədrlik edir. Azərbaycan Hesablama Palatası ilə birlikdə 12 ölkənin ali audit qurumu İşçi Qrupunun üzvüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi