Yuxarı

​Bakıda beynəlxalq sığorta forumu keçirilir

Tədbirdə yeni inkişaf perspektivləri, Qafqaz regionunda əmlak sığortası, təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları müzakirələr olunacaq

Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün Bakıda ənənəvi Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF-2015) işə başlayıb. "Report" xəbər verir ki, iki gün davam edəcək tədbir Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı, Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilir.

Forumun rəsmi açılış mərasimində maliyyə naziri Samir Şərifov, Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə, maliyyə nazirinin müavini Azər Bayramov və Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov iştirak ediblər.

Daha sonra tədbir konfransla davam edib. Konfransın I hissəsi “Cari reallıq çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri” mövzusuna həsr olunub, bununla bağlı çıxışlar dinlənilir. II hissədə “Qafqaz regionunda əmlak sığortası”, III hissədə isə “Təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları” mövzularında müzakirələr aparılacaq.

Forumun ilk günündə həmçinin ikitərəfli görüşlərin və rəsmi qəbulun keçirilməsi nəzərdə tutulub. Sabah isə tədbir paralel keçirilən iki seminarla davam edəcək. Seminarlardan biri “Avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar” mövzusunda, digəri isə “Bank sığortası və həyat sığortası” mövzusunda təşkil olunacaq.

Forumun ikinci günündə həmçinin ikitərəfli görüşlərin, eləcə də sığortaçılar üçün simvolik Avropa Oyunlarının (boulinq yarışı) daxil olduğu xüsusi gecənin təşkil edilməsi planlaşdırılır.

Sayca altıncı olan builki forum Qafqaz regionunda sığorta və təkrarsığorta bazarına həsr olunmuş ən mühüm tədbir olmaqla, sözügedən regionun ən vacib istiqamət və perspektivlərini əks etdirir. Tədbir iştirakçılar arasında interaktiv ünsiyyətə istiqamətlənmiş platforma olmaqla, ölkələr arasında sığorta sahəsindəki əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib.

Ümumilikdə AİİF-2015-də 25-dən çox ölkənin 70 şirkətin 250-dən artıq nümayəndəsi iştirak edir. Bunlardan 101-ci xarici iştirakçılardır. Onların arasında məşhur “Swiss Re”, “Munich Re”, “Hannover Re”, “Scor”, “Allianz”, “Ace Group”, “Jardine Lloyd Thompson Group”, “Deloitte”, “Standard and Poor's”, “Audatex” və digər şirkətlərinin yüksək ranqlı təmsilçiləri var. İştirakçılardan 141-i isə yerli sığorta bazarını təmsil edir. Bu, ölkədəki 26 sığorta, 1 təkrar sığorta, eləcə də broker şirkətlərinin nümayəndələridir. Həmçinin, foruma beynəlxalq təşkilatların və müxtəlif assosiasiyaların (ictimai birliklərin) təmsilçiləri qatılıb.

Forumun sponsorları arasında 10 yerli, 7 xarici şirkət var. Bu baxımdan İsveçrənin təkrarsığorta nəhəngi “Swiss Re” şirkəti, eləcə də bütün dünyada sığorta hadisələri nəticəsində dəyən zərərlərin qiymətləndirilməsi ilə məşğul olan “Audatex” şirkəti xüsusi qeyd olunmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi