Yuxarı

Bakıda beynəlxalq sığorta forumu keçiriləcək

Forumda iştirak üçün 21 ölkənin 57 şirkətindən 90 nəfər artıq qeydiyyatdan keçib

Bakı. 11 iyun. REPORT.AZ/ İyulun 2-3-də Bakıda VI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2015) keçiriləcək. Foruma qatılmaq üçün 21 xarici ölkənin 57 şirkətindən 90 nəfər artıq qeydiyyatdan keçib.

"Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, tədbirdə dünyanın məşhur “Swiss Re”, “Munich Re”, “Hannover Re”, “Scor”, “Allianz”, “Ace Group”, “Jardine Lloyd Thompson Group”, “Deloitte”, “ Standard and Poor's”, “Audatex” və digər şirkətlərin yüksək təmsilçilərinin iştirak edəcəyi gözlənilir. Azərbaycandan isə 27 sığorta, təkrarsığorta və broker şirkətlərindən 100-ə yaxın nümayəndə foruma qatılacaq.

"Builki forum sığorta və təkrarsığorta bazarında ən vacib istiqamətləri və perspektivləri müəyyən edəcək. Tədbirin iştirakçıları arasında interaktiv ünsiyyətə istiqamətlənmiş platforma olacaq ki, bu da ölkələr arasında sığorta sahəsində əməkdaşlığın möhkəmlənməsinə imkan verəcək. “AIIF-2015” müasir və interaktiv formatda keçiriləcək", - ASA-dan bildirilib. 

Forumda plenar iclas, ikitərəfli görüşlər və “workshop” formatında müzakirələr təşkil ediləcək. Belə ki, tədbirin 1-ci günündə plenar iclas formatında, mövcüd reallıq çərçivəsində sığorta və təkrarsığorta bazarı - inkişaf üçün yeni biznes sahələri, Qafqaz regionunda əmlak sığortası, təkrarsığorta təminatı və anderraytinqin yeni üsulları ilə bağlı məsələlər müzakirə obyekti olacaq.

İkinci gün isə paralel olaraq avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar, bank və həyat sığortası ilə bağlı 2 seminar keçiriləcək.

Forumun qeyri-rəsmi hissəsində “PAŞA Həyat” sığorta şirkətinin sponsorluğu ilə iştirakçılar arasında rəmzi Avropa Oyunları üzrə boulinq yarışması təşkil olunacaq.

Qeyd edək ki, forum Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin dəstəyi və ASA-nın təşkilatçılığı ilə keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi