Yuxarı

Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda forum keçirilir

Bakıda Azərbaycan Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş iki günlük forumu işə başlayıb

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda IV Vergi Forumu işə başlayıb.

"Report"un məlumatına görə, iki gün davam edəcək forumun plenar iclasında Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, digər dövlət orqanları, Milli Elmlər Akademiyasının müvafiq strukturları, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Rusiya, Türkiyə, Litva və Qazaxıstanın vergi xidməti orqanları, yerli banklar, qeyri-hökumət təşkilatları, sahibkarların ictimai birlikləri, KİV nümayəndələri və iş adamları iştirak edir.

Vergilər Nazirliyinin 15 illik fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayan iclası giriş sözü ilə vergilər naziri Fazil Məmmədov açıb. Nazirin sözlərinə görə, hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 59 növ elektron xidmət göstərir. "Bu, Azərbaycanda dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən ən geniş elektron xidmətlər toplusudur. Vergi bəyannamələrinin təqdim edilməsi, vergi öhdəliklərinin icrası, vergi orqanları ilə təmas imkanı verən bütün proseslər elektronlaşdırılıb. Vergi ödəyicilərinin təxminən 90%-i vergi bəyannamələrini elektron şəkildə təqdim edir. Son bir neçə ildə ƏDV inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları və digər vergi ödəyiciləri ilə elektron yazışma sisteminin - onlayn kargüzarlığın təmin edilməsi, vergilərin elektron qaydada ödənilməsi və s. kimi bir çox innovativ-texnoloji yeniliklər tətbiq edilib", - deyə nazir bildirib.

Azərbaycanın vergitutma sahəsində mövqeyinin beynəlxalq reytinqlərdə ildən-ilə irəlilədiyini vurğulayan F.Məmmədov qeyd edib ki, Dünya Bankının qiymətləndirmələrinə görə, ölkəmiz vergi ödəyicilərinin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqi nəticəsində dünyanın 12 aparıcı dövləti sırasındadır. Son bir neçə ildə yeni nəsil texnologiyalara söykənən ”Elektron audit” və “Asan İmza” kimi mühüm layihələr həyata keçirilib: "Ölkəmizin “Asan İmza” təcrübəsi ötən il Avropa Parlamentində də uğurla təqdim edilib".

"Azərbaycanın inkişafına adekvat olan vergi inzibatçılığının formalaşdırılması nəticəsində dövlət büdcəsinə vergilərin və digər daxilolmaların həcmi son 15 il ərzində 14 dəfəyədək, qeyri-neft sektorundan daxilolmalar 14,4 dəfə, regionlardan daxilolmalar isə 14,8 dəfə artıb", - deyə nazir əlavə edib.

Sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Larisa Leşçenko, Türkiyə Maliyyə Nazirliyi Gəlirlər İdarəsinin başçısı Adnan Ertürk çıxış edərək Azərbaycanın vergi sistemində həyata keçirilən islahatları müsbət qiymətləndiriblər.

Tədbirdə həmçinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Hans Blokpoelin Vergilər Nazirliyinin rəhbərliyinə və Azərbaycanın vergi xidməti əməkdaşlarına video təbriki nümayiş etdirilib, Qazaxıstan Maliyyə Nazirliyi Dövlət Gəlirləri Komitəsinin sədri Daulet Yerqojin, Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəhbəri Dainoras Bradauskas, Rusiya Federal Vergi Xidmətinin rəis müavini Natalya Zavilova, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov və iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış ediblər.

Forum çərçivəsində vergilər naziri Fazil Məmmədovun KİV nümayəndələri üçün brifinq keçirməsi gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi