Yuxarı

Bakı Vergilər Departamentində "Açıq qapı günü" keçirilib - FOTO

Tədbirdə Departamentin yenidən qurulmuş Vergi ödəyicilərinə Xidmət Mərkəzinin təqdimatı keçirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Bu gün Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilib.

"Report" xəbər verir ki, tədbir BVD-nin yenidən qurulmuş və genişləndirilmiş vergi ödəyicilərinə xidmət mərkəzinin təqdimatı ilə başlayıb. BVD-nin Vergi ödəyicilərinə xidmət və uçot İdarəsinin rəisi Ağami Tahirov mətbuat nümayəndələrinə xidmət mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipləri və s. barədə ətraflı məlumat verib. Bildirilib ki, Xidmət Mərkəzi yenidən qurularaq genişləndirilib, onun eyni vaxtda xidmət göstərdiyi yerlərin sayı iki dəfədən çox artırılıb və lazımi maddi-texniki baza ilə təmin olunaraq vergi ödəyicilərinin istifadəsinə verilib.

Xidmət Mərkəzinə müraciət edənlərə burada vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatlar verilir, qüvvədə olan vergilər, onların hesablanması və ödənilməsi qaydaları, vergi ödəyiciləri və vergi orqanlarının hüquq və vəzifələri, vergi qanunvericiliyinin tətbiqi məsələləri, vergi bəyannamələrinin təqdim olunma müddətləri, vergi güzəştlərindən istifadə edilməsi, vergi borcu haqqında ətraflı məlumatlar verilir, vergi ödəyicilərinə hazırda mövcud olan bütün vergi xidmətləri göstərilir.

Qeyd olunub ki, burada mobil nömrə vasitəsilə identikləşdirilən, asanlığı və rahatlığı ilə fərqlənən, vergi ödəyicisinin məlumatlarının təhlükəsizliyinə xidmət edən "ASAN imza"nın alınmasında da kömək göstərilir. Müraciət edən şəxslərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə xidmət mərkəzi növbə, qeydiyyat, videonəzarət, səsyazma və qiymətləndirmə (sorğu keçirmə) sistemləri ilə təchiz olunub. Mərkəzin girişində elektron növbə terminalı quraşdırılıb ki, bu da vergi ödəyicilərinə xidmətin təhlil əsasında qurulmasına imkan yaradır.

Sonra akt zalında KİV nümayəndələri ilə görüş keçirilib. Vergilər nazirinin müavini Sahib Ələkbərov Nazirliyin görüşdə iştirak edən rəhbər vəzifəli şəxslərini təqdim edib və açıq hökumətin təşviq edilməsi istiqamətində görülən tədbirlərin davamlılığının təmin olunması, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə mütəmadi olaraq “Açıq qapı günləri”nin təşkil edildiyini, bu tədbirin də həmin silsilədən olduğunu qeyd edib.

S.Ələkbərov vergi sistemində aparılan islahatlar, həyata keçirilən yeniliklər və Vergilər Nazirliyində son bir neçə ayda aparılmış struktur və kadr islahatları barədə KİV nümayəndələrinə ətraflı məlumat verərək qeyd edib ki, yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi üçün həm qanunverici səviyyədə, həm də Vergilər Nazirliyinin öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılıb, ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib, kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət istisna olmaqla əksər operativ nəzarət tədbirləridayandırılıb. Bütün bunlar biznes mühitinin səmərəliliyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına öz müsbət təsirini göstərib.

Vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün ciddi tədbirlər görüldüyünü diqqətə çatdıran vergilər nazirinin müavini vergi ödəyiciləri tərəfindəndə vergi uçotunun aparılmasında şəffaflığın təmin olunmasının vacib olduğunu vurğulayıb. Bu məqsədə çatmaq üçün son bir ay ərzində Bakıda və regionlarda istehsal və ticarət sektorunda çalışan sahibkarlarla çoxsaylı görüşlər keçirildiyini xatırladan nazir müavini qeyd edib ki, vergi ödəyicilərinə dövriyyələrini düzgün göstərmək, sənədləşmə işlərini şəffaf aparmaq, bu sahədə pozuntulara yol verməmək tövsiyə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi