​Bakı Fond Birjasının mənfəəti 33% azalıb

​Bakı Fond Birjasının mənfəəti 33% azalıb Manatın devalvasiyası investorların fond bazarına marağını azaldıb
Maliyyə
16 İyun , 2016 10:45
​Bakı Fond Birjasının mənfəəti 33% azalıb

Bakı. 16 iyun. REPORT.AZ/ "Bakı Fond Birjası" QSC (BFB) 2015-ci ili təxminən 36 min manat xalis mənfəətlə başa vurub. "Report"un əldə etdiyi məlumata görə, bu barədə BFB-nin səhmdarlarının ənənəvi illik yığıncağında məlumat verilib.

Xatırladaq ki, BFB 2014-cü ili 54 min manat xalis mənfəətlə tamamlayıb. Başqa sözlə, ötən il QSC-nin mənfəəti 33,3% azalıb. Azalmaya səbəb kimi manatın kəskin ucuzlaşmasından sonra fond bazarına marağın zəifləməsi, eləcə də dövlət qurumları - Maliyyə Nazirliyi və Mərkəzi Bankın kapital bazarında iştirakını dayandırması (DQİ və not buraxmaması) göstərilir.

BFB-nin səhmdarlarının yığıncağında 2015-ci ildə əldə edilmiş bütün xalis mənfəətin səhmdarlara ödənilməsi barədə qərar qəbul edilməyib. Yəni, mənfəət bölüşdürülməmiş saxlanılacaq.

Qeyd edək ki, BFB-nin səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı", "Kapital Bank", Azərbaycan Beynəlxalq Bankı və lisenziyası ləğv edilmiş "United Credit Bank"), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (Borsa İstanbul) var.

ASB istisna olmaqla digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

BFB-nin nizamnamə kapitalı 1,26 mln. manatdır. Şirkətin nizamnamə fondu hər birinin nominal dəyəri 200 manat olan 6 300 səhm əsasında formalaşıb.

Son xəbərlər

Orphus sistemi