Bakı Fond Birjasına yeni sədr təyin edilib

Bakı Fond Birjasına yeni sədr təyin edilib Birja baş ofisi Yerevana köçürüləcək Avrasiya Birjaları Federasiyasını tərk edir
Maliyyə
14 İyun , 2017 17:02
Bakı Fond Birjasına yeni sədr təyin edilib
Report

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib.

“Report”un əldə etdiyi məlumata görə, yığıncaqda Birjanın İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Bu vəzifə indiyə qədər sədrin səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Namazova həvalə olunub. 

Xatırladaq ki, BFB-nin İH-yə bundan əvvəl Fariz Əzizov rəhbərlik edib. O, hazırda İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsində çalışır.

BFB-nin səhmdarlarının yığıncağında həmçinin qurumun ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatı açıqlanıb. Məlum olub ki, birja 2016-cı ili 116 min manat xalis zərərlə başa vurub. Qeyd edək ki, BFB 2015-ci ildən 36 min manat xalis mənfəətlə çıxıb. Başqa sözlə, birja mənfəətdən zərərə keçib.

Bundan başqa, yığıncaqda BFB-nin üzvü olduğu Avrasiya Birjaları Federasiyasının (FEAS) baş ofisini Yerevana (Ermənistan) köçürməsi nəzərə alınaraq birjanın adıçəkilən qurumdan çıxmasına qərar verilib.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və ləğvetmə prosesində olan "United Credit Bank" ASC-lər), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

Son xəbərlər

Orphus sistemi