Bakı Fond Birjasına sədr əvəzi təyin edilib - YENİLƏNİB

Bakı Fond Birjasına sədr əvəzi təyin edilib - YENİLƏNİB Bu gün BFB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib
Maliyyə
23 Dekabr , 2016 17:13
Bakı Fond Birjasına sədr əvəzi təyin edilib - YENİLƏNİB

İlk xəbər saat 15:49-da verilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. 

“Report”un əldə etdiyi məlumata görə, yığıncaqda Birjanın İdarə Heyətinə (İH) sədr əvəzi təyin edilib.

Sədr vəzifəsinin müvəqqəti icrası BFB-nin İH-nin sədr müavini Vüqar Namazova həvalə edilib. O, bu günlərdə İcbari Sığorta Bürosunun icraçı direktoru vəzifəsinə təyin edilmiş Fariz Əzizovu əvəzləyib.

Bununla yanaşı, yığıncaqda F.Əzizovun həm də Birjanın Müşahidə Şurasının (MŞ) üzvü kimi fəaliyyət göstərəcəyi bildirilib. Daha sonra o, MŞ-nın sədri, indiyə qədər bu vəzifəni icra edən Rövşən Allahverdiyev isə MŞ-nın üzvü seçilib. 

MŞ-nın tərkibindəki dəyişikliklər bununla yekunlaşmayıb. Ləğvetmə prosesində olan "Bank Standard"ın İH-nin sabiq sədr müavini Samir Rzayev MŞ-dan kənarlaşdırılıb, "Azərbaycan Səbaye Bankı"nı (ASB) təmsil edən bankın İH-nin sabiq sədr müavini Ramin Kərimov ASB-nin İH-nin hazırki üzvü Sarvan Mikayilovla, "Unicapital İnvestisiya Şirkəti"nin MŞ-nın üzvü Samir Balayev isə "Unibank"ın İH-nin sədr müavini Asəf Hüseynovla əvəzlənib. 

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", ASB, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və lisenziyası ləğv edilmiş "United Credit Bank"), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (Borsa İstanbul) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub.

Son xəbərlər

Orphus sistemi