Yuxarı
    Bağlamaq

    ​Bakıda Azərbaycan Vergilər Nazirliyinə dəstəklə bağlı Avropa İttifaqının tvinninq layihəsinin təqdimatı keçirilib

    Tvinninq layihəsinin İspaniya və Fransanın vergi administrasiyaları ilə birgə 2 il ərzində həyata keçirilməsi nəzərdə tutulur

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” tvinninq layihəsinin təqdimatı keçirilib. Bu barədə “Report”a Vergilər Nazirliyinin analitik- informasiya şöbəsindən məlumat verilib.

    Azərbaycanın vergilər naziri Fazil Məmmədov təqdimat mərasimini giriş sözü ilə açaraq, tvinninq layihəsinin həyata keçirilməsinə yardımçı olan Aİ-yə, onun Azərbaycandakı nümayəndəliyinə minnətdarlığını bildirib.

    Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mard, Aİ tərəfindən layihə rəhbərləri, İspaniya Maliyyə Nazirliyi Vergi araşdırmaları Mərkəzinin rəhbəri Qonzalo Qomez de Liano və Fransa Maliyyə Nazirliyi Şərq Regional Vergi İdarəsinin rəhbəri Noel Klaudon, layihənin rezident tvinnninq məsləhətçisi xanım Pilar de Enterria, Vergilər Nazirliyi tərəfindən layihənin rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov təqdimatlarla çıxış edərək layihə barədə ətraflı məlumat veriblər.

    Tvinninq layihəsinin 2014-cü il sentyabrın 1-dən başlayaraq İspaniya və Fransanın vergi administrasiyaları ilə birgə iki il müddətində həyata keçirilməsi nəzərdə tutulur. Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, onun tətbiqi sayəsində üç əsas nəticə əldə olunacaq. Birincisi, İnsan resurslarının uzunmüddətli və çoxməqsədli İnkişaf Strategiyası və İnkişaf Planı hazırlanacaq. İkincisi, Vergilər Nazirliyinin insan resurslarının inkişafını və səmərəli idarəetməsinin təmin edilməsi üçün tənzimləyici rol oynayan ən müasir normativ qaydalar və metodoloji rəhbərliklər toplusu hazırlanacaq və tətbiq ediləcək. Üçüncüsü isə İnsan resurslarının uzunmüddətli İnkişaf Strategiyası və Tədbirlər Planına uyğun olaraq, işçi heyətinin peşəkarlıq səviyyəsinin daim artırılmasını təmin etmək üçün Aİ-nin müasir təcrübəsinə uyğun və müasir informasiya texnologiyalarına əsaslanan dayanıqlı təhsil və çoxpilləli treninq sistemi tətbiq ediləcək.

    Tədbirdə Aİ, BMT, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndələri, Milli Məclisin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri və KİV-in nümayəndələri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi