Yuxarı

Bağlanmış iki bankın ipoteka portfeli "Bank BTB"yə ötürülüb

Söhbət Zaminbank və Kredobankdan gedir

Bakı. 1 avqust. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) lisenziyasını ləğv etdiyi, Azərbaycan Mərkəzi Bankı (AMB) yanında İpoteka Fondunun (AİF) müvəkkil kredit təşkilatı olan iki bankın ipoteka portfeli "Bank BTB" ASC-yə ötürülüb. "Report" xəbər verir ki, söhbət "Zaminbank" və "Kredobank"dan gedir.

AİF-in bu ilin II rübün yekununda açıqladığı məlumata görə, "Zaminbank"da 1 631, "Kredobank" isə 127 aktiv ipoteka kredit var. Bu kreditlərin ümumi məbləği təxminən 60 mln. manatdır.

Xatırladaq ki, lizenziyası bir neçə il bundan əvvəl ləğv edilmiş "Royal Bank" ASC və bu ilin əvvəlində bağlanmış "Gəncəbank" ASC-nin ipoteka portfeli "Zaminbank"a ötürülmüşdü. Bundan sonra isə həm adı çəkilən 3 bank, həm də "Kredobank"ın ipoteka portfelini "Bank BTB" idarə edəcək.

"Bank BTB"-nin səhmdarlarının iyulun 25-də keçirilmiş ümumi yığıncağında xüsusi əhəmiyyətli əqdin təsdiq edilməsi haqqında qərar qəbul edilib. Mülki Məcəllənin 99.3-cü maddəsinin tələbinə əsasən, qəbul edilmiş qərar ictimaiyyətə açıqlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi