Azərbaycanda pul kütləsi azalıb

Azərbaycanda pul kütləsi azalıb Manat pul kütləsində nağdlaşma səviyyəsi 59,8%-ə düşüb
Maliyyə
5 Noyabr , 2014 10:01
Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü il oktyabrın 1-nə 21,133 mlrd. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,519 mlrd. manat və ya 20,0% çoxdur. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, sentyabr ayında geniş mənada pul kütləsi 173 mln. manat və ya 0,8% azalıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir. M3 aqreqatının sentyabrda azalması əsasən nağd manat pul kütləsinin azalması hesabına baş verib.

Ümumilikdə, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2,558 mlrd. manat və ya 17,3% artaraq oktyabrın 1-nə 17,368 mlrd. manata çatıb. Lakin sentyabrda 84 mln. manat həcmində azalma baş verib.

Eyni zamanda, nağd pul kütləsinin həcmi (M0 aqreqatı) oktyabrın 1-nə 10,390 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 830 mln. manat və ya 8,7% çoxdur. Lakin sentyabın 1-i ilə müqayisədə nağd pulların həcmi 98 mln. manat və ya 0,9% azalıb.

"Report"un analitik qrupu bildirir ki, M3 aqreqatının sentyabr ayındakı azalmasının həcminin 57%-i nağd pulların azalması hesabına formalaşıb. Bundan əlavə, M1 aqreqatının tərkib hissəsi olan manatla tələb olunanadək depozitlərin həcmi 68 mln. manat azalıb. Qeyd edək ki, manat kütləsinin tərkibinə M1 aqreqatından əlavə manatla müddətli depozitlər də daxildir və onlar sentyabr ayı ərzində 81 mln. manat artıb. "Beləliklə, manat kütləsinin azalması nağd pulların və manatla tələb olunanadək depozitlər hesabına baş verib. Lakin bundan əlavə, geniş mənada pul kütləsinin azalmasına rezidentlərin xarici valyutada olan depozitləri də təsir edib. Belə ki, bu depozitlər sentyabrda 89 mln. manat azalıb",- deyə "Report"un ekspertləri vurğulayır.

Qeyd edək ki, Azərbaycanda manat pul kütləsində nağdlaşma səviyyəsi bu ilin oktyabrın 1-nə 59,8% olub, bu isə illik müqayisədə 4,8 faiz bəndi azdır.



Son xəbərlər

Orphus sistemi