Azərbaycan əhalisi nağd dolların alışını azaldıb

Azərbaycan əhalisi nağd dolların alışını azaldıb Əhali nağd dollar alışını 1% azaldıb, satışı isə 11% artırıb
Maliyyə
6 Noyabr , 2014 07:39
Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycanda 2014-cü ilin yanvar-sentyabr ayları ərzində nağd ABŞ dolları üzrə aparılan əməliyyatların ümumi həcmi 9,192 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 186 mln. dollar və ya 2,1% çoxdur. “Report”un Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən verdiyi xəbərə görə, bunun 2,455 mlrd. dolları əhali tərəfindən satılıb, 6,737 mlrd. dolları isə alınıb. Ötən ilin 9 ayına nisbətən əhalinin nağd dollar alışı 66 mln. dollar və ya 1% azalıb, satışı isə 252 mln. dollar və ya 11,4% artıb.

Qeyd edək ki, nağd dollarla aparılan əməliyyatların hər hansı tərkib hissəsinin azalması son illərdə ilk dəfə baş verib. Belə ki, sonuncu dəfə nağd dolların alışı və satışının azalması 2010-cu ildə müşahidə olunub. "Report"un analitikləri hesab edirlər ki, hazırda müşahidə olunan alışın azalması ilə bağlı hər hansı makroiqtisadi səbəbdən danışmaq hələ tezdir, çünki azalma kiçik rəqəmlərlə ifadə olunur: "Lakin müəyyən ehtimallar irəli sürülə bilər".

Bunun üçün ikinci əsas xarici valyuta üzrə əməliyyatların dinamikası təhlil olunmalıdır. Belə ki, bu ilin 9 ayında Azərbaycanda əhali nağd 266,5 mln. avro satıb və nağd 1,563 mlrd. avro alıb. İllik müqayisədə bu göstəricilər müvafiq olaraq 1,5 dəfə və 2,5 dəfə azalıb.

"Nağd dollar və avro üzrə belə dinamika ilk növbədə onu göstərir ki, Azərbaycanda əhali nağd hesablaşma əməliyyatlarında manata üstünlük verir. Bu proses artıq bir-iki ildir ki, davam edir və bunun nəticəsində nağd xarici valyuta ilə əməliyyatların həcminin artım templəri tədricən azalıb. İndi isə tendensiya artıq birmənalı olaraq azalmaya dəyişib. Qeyd edək ki, nağd dollar və avro üzrə əməliyyatlarında əsas bir neçə mənbə, səbəb və istiqamət var. Xaricə gedənlər tərəfindən alış və onlar tərəfindən qayıdandan sonra valyutanın satışından başqa xarici valyutadan bəzi malların alınmasında hesablaşma vasitəsi kimi istifadə olunur. Lakin ən əsası - xarici valyutadan, ilk növbədə də bu, dollara aiddir, yığım valyutası kimi istifadə olunur. Müşahidə olunan dinamika onu göstərir ki, Azərbaycan əhalisi həm hesablaşmalarda, ən əsası isə nağd yığımlarda artıq manata üstünlük verir. Bunun səbəbi isə aydındır və son illər ərzində manatın sabitliyi ilə bağlıdır", - deyə "Report"un analitik qrupu bildirib.



Son xəbərlər

Orphus sistemi