Yuxarı

​Azərbaycanın xarici ticarət balansı profisitli olacaq

Elman Rüstəmov: Dünya bazarında neftin qiyməti 60-70 dollara düşsə də, ölkənin tədiyyə balansı profisitli olacaq

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında qlobal əmtəə qiymətləri indeksi 8%-dən çox artıb. O cümlədən ərzaq qiymətləri indeksləri 8,5% artıb, metalın qiyməti isə 10%-ə yaxın azalıb. Bununla yanaşı,+ dünya bazarında neft 20%-dən çox ucuzlaşıb. “Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov gələn ilin büdcə zərfinin müzakirəsinə həsr olunan parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

AMB sədri qeyd edib ki, bu ilin 9 ayında xarici ticarət balansı profisitlidir və onun həcmi ötən dövrlə müqayisədə 9% artıb: "Azərbaycanın ixracı öz idxalını 2,7 dəfə üstələyib. Bu il də profistlilik qalacaq, təxminən ÜDM-in 14-15%-i səviyyəsində olacaq. Hesablamalarımıza görə, neftin qiyməti 60-70 dollara düşsə də, ölkənin tədiyyə balansı profisitli olacaq".

E.Rüstəmovun sözlərinə görə, 2014-cü ildə Azərbaycanda iqtisadi artım prosesi davam edəcək: "Bütövlükdə iqtisadi artımın cari ildə 2,5% səviyyəsində olacağı gözlənilir".

Baş bankirin dediyinə görə, inflyasiya səviyyəsini nəzərə alaraq AMB pulun qiymətinin, faiz dərəcəsinin aşağı salınması siyasəti həyata keçirir: "Cari ildə Mərkəzi Bank uçot dərəcəsini 4,75%-dən 3,25%-ə salıb. Böhran illərində belə Azərbaycanda bank sektoru inkişaf edib".

Ölkədəki ipoteka kreditləşməsi prosesinin gedişini şərh edən E.Rüstəmov bu günə qədər İpoteka Fondu vasitəsilə 15 400 ailəyə kredit verildiyini bildirib: "Təşəkkür edirəm ki, İpoteka Fonduna ayrılan məbləğ gələn il üçün 10 mln. manat (25% - red.) artırılıb. Bu, olduqca ciddi rəqəmdir. Təxminən məbləğ 50 mln. manata çatdırılıb. Hesab edirəm ki, bu, çox düzgün addımdır".

AMB sədri əlavə edib ki, bütövlükdə Azərbaycanda məcmu ipoteka portfeli 1 mlrd. manatdan artıqdır: "Bunun 600 mln.-u ipoteka xətti ilə, yəni Fondun dövlətdən aldığı və özünün cəlb etdiyi vəsaitlər hesabına, digər 400 mln. manat isə bankların öz vəsaitləri hesabına verilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi