Azərbaycanın xarici dövlət borcu 6% artıb

Azərbaycanın xarici dövlət borcu 6% artıb Borcun ÜDM-ə nisbəti isə illik müqayisədə 4 faiz bəndi artıb
Maliyyə
13 Noyabr , 2015 17:08
Azərbaycanın xarici dövlət borcu 6% artıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Cari il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 6 730,9 mln. ABŞ dolları (7 054,0 mln. manat), xarici dövlət borcunun ÜDM-ə nisbəti 12,4% təşkil edib. "Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, borc statistikasına hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir.

Ötən ilin eyni dövrünün analoji göstərici ilə müqayisədə borcun həcmi 5,5%, borcun ÜDM-ə nisbəti isə 3,9 faiz bəndi artıb.

Borc vəsaitlərinin 8,0%-i 10 ilə qədər, 58,6%-i 10-20 ilə, 33,4%-i isə 20 ildən artıq müddətə cəlb olunub.

Xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (SDR, Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 9,4%, ABŞ dolları – 66,0%, avro – 20,3%, Yaponiya yeni – 2,6%, İslam dinarı – 0,6%, BƏƏ dirhəmi – 0,5%, Səudiyyə rialı – 0,4 %, Küveyt dinarı – 0,2%.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Son xəbərlər

Orphus sistemi