Yuxarı

Azərbaycanın rüblük tədiyyə balansı 18 mln. dollar profisit verib

İllik tədiyyə balansının 2 mlrd. dollar kəsirlə tamamlanması gözlənilir

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanın tədiyyə balansı 2016-cı ilin aprel-iyun aylarında 18 mln. ABŞ dolları profisitlə tamamlanıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, cari ilin ilk rübündə tədiyyə balansının kəsiri 1,271 mlrd. dolları, ikinci rübdə isə 18 mln. dollar profisit olub. Nəticədə, tədiyyə balansının yarımillik kəsiri 1,253 mlrd. dollar təşkil edib.

Cari əməliyyatlar hesabının kəsiri ilk rüblə müqayisədə 14,3% azalaraq 370 mln. dollara enib.

Neft-qaz sektorunun ixracı ilk rüblə müqayisədə 1,07 mlrd. dollar və ya 46% artaraq 3,39 mlrd. dollar olub. Qeyri-neft sektorunun ixracı isə ilk rüblə müqayisədə 86 mln. dollar və ya 38% artaraq 315 mln. dollar təşkil edib.

Malların idxalı ilk rüblə müqayisədə 467 mln. dollar və ya 24,2% artaraq 2,397 mlrd. dollar təşkil edib. Neft-qaz sektorunun idxalı azalarkən, qeyri-neft idxalı 762 mln. dollar və ya 65,7% artaraq 1,921 mlrd. dollara çatıb.

Maliyyə hesabının kəsiri ilk rüblə müqayisədə 1,677 mlrd. dollar və ya 6,6 dəfə azalaraq 252 mln. dollar, ilk yarımilin yekununda isə 2,181 mlrd. dollar təşkil edib.

"Report"un analitik qrupu bildirir ki, 2016-cı ilin ikinci yarısında iqtisadiyyatda mövsümi amillər nəzərə alınmaqla idxalın artması gözlənilir: "Neft qiymətlərinin ilin maksimal səviyyəsinə yaxın olması tədiyyə balansının III rübdə də tarazlıq həddinə yaxın tamamlanmasına səbəb olacaq. İlin yekununda isə Azərbaycanın tədiyyə balansının təxminən 2 mlrd. dollar kəsirlə yekunlaşması proqnozlaşdırılır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi