Yuxarı

​Azərbaycanın iki monetar qurumu ödəniş kartları ilə bağlı birgə fəaliyyət göstərəcək

Bu barədə AMB-dən məlumat verilib

Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB), Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ölkədə ödəniş kartlarının istifadəsi üzrə risklərin idarə olunması və bu sahədə fırıldaqçılığa qarşı effektiv mübarizə metodlarının müzakirə edilməsi məqsədilə tədbir keçirilib. Bu barədə "Report" AMB-dən məlumat verilib.

Məlumata görə, tədbirdə adı çəkilən qurumların mütəxəssisləri ilə birlikdə, ödəniş kartları üzrə iri emitent və ekvayer şəbəkələrinə malik kommersiya banklarının nümayəndələri, ABA-nın nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə Ekspert Qrupu və İT üzrə Ekspert Qrupunun mütəxəssisləri iştirak ediblər. Görüş zamanı AMB tərəfindən ödəniş kartları ilə əməliyyatlar üzrə baş verən fırıldaqçılıq halları üzrə ölkədə son vəziyyət, bu sahənin tənzimlənməsi istiqamətində mövcud qanunvericilik üzrə tələblər və tövsiyələr barədə məlumat verilib.

Tədbir iştirakçılarına dələduzlar tərəfindən ən son texnologiyalardan istifadə etməklə aparılan fırıldaqçılıq əməliyyatlar, bankomat və digər ödəniş vasitələrinə qeyri-qanuni müdaxilələr və bunun qarşısının alınması üçün tətbiq edilən preventiv tədbirlər üzrə beynəlxalq təcrübə haqda məlumatlar verilib, həmçinin bütün banklarda bu sahə üzrə əhatəli, proaktiv və çevik riskləri idarəetmə sisteminin olmasının zəruriliyi diqqətə çatdırılıb.

Eyni zamanda vurğulanıb ki, ödəniş alətləri vasitəsilə keçirilən əməliyyatlar sahəsində risklərin effektiv və səmərəli idarə olunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində ölkədə fırıldaqçılıq əməliyyatlarının həcminin tədricən azalması və beynəlxalq kart təşkilatlarının da analitik məlumatları əsasında Azərbaycanın bu sahədə digər ölkələrlə müqayisədə aparıcı yer tutur.

Görüşün yekunu olaraq, AMB və MBNP-nin bu istiqamətdə səylərin gücləndirilməsi məqsədilə birgə fəaliyyət göstərməsi razılaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi