​Azərbaycanın gələnilki büdcəsində neftin baza qiyməti 50 dollar/barel olacaq

​Azərbaycanın gələnilki büdcəsində neftin baza qiyməti 50 dollar/barel olacaq Samir Şərifov: "Bəzi infrastruktur layihələrini təxirə salmaq, bəzilərini 1-2 il sonraya keçirmək olar"
Maliyyə
20 Aprel , 2015 16:39
​Azərbaycanın gələnilki büdcəsində neftin baza qiyməti 50 dollar/barel olacaq

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsinin ilkin layihəsində neftin baza qiyməti 50 dollar/barel səviyyəsində nəzərdə tutulub. "Report"un məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında maliyyə naziri Samir Şərifov bildirib.

"Artıq 2016-cı il dövlət büdcəsinin ilkin versiyasını hazırlayırıq. Hazırlanan versiyada neftin qiyməti 50 dollardan götürülüb. Bu, dövlət büdcəsinin gəlirlərinə birbaşa təsir etmir, təsir dolayıdır", - S.Şərifov qeyd edib.

Nazir əlavə edib ki, dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycanın gəlirlərinə mənfi təsir göstərib: "Bəzi infrastruktur layihələrini daha yavaş həyata keçiririk, bəzilərini gələn ilə saxlayırıq. Bəzi infrastruktur layihələrini təxirə salmaq, bəzilərini bir deyil, iki il sonraya keçirmək olar. Bu layihələrə, məsələn, su təsərrüfatı və kanalizasiya layihələrini aid etmək olar".

Xatırladaq ki, Azərbaycanın 2015-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 90 dollar/barel səviyyəsində götürülüb.

S.Şərifov bildirib ki, 2015-ci ilin birinci rübü ölkədə qarşıda duran sosial öhdəliklərin həyata keçirilməsinin, həmçinin dövlətin bütün vəzifələrinin maliyyə baxımından təmin edildiyini göstərir.

"Neftin qiymətinin azalması nəticə etibarilə ölkənin tədiyyə balansına, ümumi gəlirlərinə mənfi təsir göstərib. Amma buna baxmayaraq, Azərbaycan hökuməti müvafiq tədbirlər görür. İlk növbədə artıq təsdiq olunmuş büdcəni yüksək səmərə ilə icra etməyi planlaşdırırıq. Lazımsız xərclərə yenidən baxır, bir qismini azaldırıq. Bəzi investisiya layihələrimizi daha yavaş həyata keçiririk. Bunun nəticəsində gəlirlərimizlə xərclərimizi tarazlamaq üçün xeyli imkanlarımız var. 2015-ci ilin birinci rübü göstərir ki, ölkə qarşıda duran sosial öhdəliklərin həyata keçirilməsini təmin edib. Dövlətin bütün vəzifələri maliyyə baxımından təmin edilib və burda hər hansı problem yaşanmır".

O bildirib ki, hazırda büdcənin dürüstləşləşməsinə kəskin ehtiyac yoxdur.

"Büdcə sistemi haqqında qanunda dürüstləşmənin həyata keçirilməsi meyarları təsbit edilib ki, hələlik biz belə meyarları görmürük. Çünki məcburi dürüstləşməyə o zaman gedilir ki, gəlirlərlə xərclər arasında fərq nəzərdə tutulmuş gəlirlərdən 30 faizini təşkil etsin. Belə vəziyyət yoxdur. Hər hansı ehtiyac görmürük. Büdcə xərclərinin icrasında ehtiyatlar var və biz bundan artıq 2015-ci ildə istifadə edəcəyik. Büdcənin dürüstləşməsi üçün kəskin ehtiyac görmürük", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi