Azərbaycanın fond bazarı 22% artıb

Azərbaycanın fond bazarı 22% artıb Bu ilin ilk rübündə dövlət qiymətli kağızlar bazarında əməliyyatların həcmi 98% azalıb
Maliyyə
30 Aprel , 2015 14:07
Azərbaycanın fond bazarı 22% artıb

Bakı. 30 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcmi 22% artaraq 4,9 mlrd. manat təşkil edib. Bu isə ÜDM-in 42,4%-nə, qeyri-neft ÜDM-in isə 62,1%-nə bərabərdir.

"Report"un Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövrü ərzində korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8%, həcmi isə 14% artaraq 645,8 mln. manat təşkil edib.

Maliyyə sektorunda likvidliyin daralması, investisiyaların səhm qiymətli kağızlarından daha likvid korporativ qiymətli kağızlara axını nəticəsində səhm bazarında əməliyyatların sayının artmasına baxmayaraq əməliyyatların həcmi 77% azalaraq 53 mln. manat təşkil edib.

Hesabat dövründə Azərbaycan İpoteka Fondunun (AİF) təminatlı istiqrazlarının təkrar ticarətinin aktivləşməsi ilə yanaşı ABŞ dolları ilə nominasiya olunmuş borc qiymətli kağızlara tələbin artması korporativ istiqrazlar bazarının yüksək artım dinamikasını təmin edib. Nəticədə, korporativ istiqrazlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 80% artaraq 593 mln. manat olub. İnvestorların daha likvid alətlərə marağının artması nəticəsində korporativ istiqrazların təkrar bazar ticarəti 99% artaraq 578,7 mln. manat təşkil edib.

Bu ilin ilk rübündə dövlət qiymətli kağızlar bazarında əqdlərin sayının artmasına baxmayaraq, əməliyyatların həcmi ötən il ilə müqayisədə 98% azalaraq 61 mln. manat olub. Dövr ərzində Mərkəzi Bank tərəfindən not yerləşdirilməsi və notlarla repo əməliyyatı baş tutmayıb, həmçinin Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının emissiyası həyata keçirilməyib. Lakin dövlət istiqrazlarının təkrar bazarı hesabat dövrü ərzində 2,7 dəfə artaraq 14,9 mln. manat, dövlət istiqrazları ilə banklararası repo əməliyyatları 8 dəfə artaraq 16 mln. manat, korporativ istiqrazlar ilə repo əməliyyatları isə 2,9 dəfə artaraq 30 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində Bakı Fond Birjasının törəmə qiymətli kağızlar platformasında ümumi məbləği 69,7 mln. manat olan əmtəə əsaslı və ümumi dəyəri 4,1 mlrd. manat olan valyuta əsaslı törəmə qiymətli kağızlarla ticarət əməliyyatları həyata keçirilib, törəmə qiymətli kağızlar bazarının ümumi həcmi 4,2 mlrd. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi