Yuxarı

Azərbaycanın dövlət büdcəsində 1,055 mlrd. manatlıq profisit yaranıb

Bu ilin ilk rübündə dövlət büdcəsinin mədaxil proqnozu 103% səviyyəsində icra olunub

Bakı. 5 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan dövlət büdcəsinin mədaxili 3 678,1 mln. manat, xərcləri 2 623,5 mln. manat olub, 1 054,6 mln. manat məbləğində büdcə profisiti yaranıb.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu ilin ilk rübündə dövlət büdcəsinin mədaxili 3 570,6 mln. manat proqnoza qarşı 3,0% çox olub.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,4% icra edilməklə dövlət büdcəsinə 1 542,0 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 78,5%-i və yaxud 1 210,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 9,0 faiz bəndi çoxdur.

Hesabat dövründə Dövlət Gömrük Komitəsi proqnoza 114,8% əməl edərək büdcəyə 416,9 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% və yaxud 74,9 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 47,5 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 11,7 mln. manat vəsait daxil olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 1 660,0 mln. manat vəsait transfert edilib.

Cari ilin I rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3% və yaxud 2 623,5 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4%-i və yaxud 1 426,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% və yaxud 52,0 mln. manat çoxdur.

Hesabat dövründə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 16,0 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 153,4 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 4,8 mln. manat vəsait yönəldilib.

Təhlil olunan dövrdə büdcə təşkilatlarının təqdim etdiyi xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Qeyd edək ki, bu ilin ilk rübündə icmal büdcənin gəlirləri 4 473,2 mln. manat, xərcləri 3 348,3 mln. manat icra olunub, profisit isə 1 124,9 mln. manat təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi