Azərbaycanın Bank Ombudsmanı Almaniyanın Əmanət Bankları Maliyyə Qrupunun Ombudsmanı ilə görüşüb

Azərbaycanın Bank Ombudsmanı Almaniyanın Əmanət Bankları Maliyyə Qrupunun Ombudsmanı ilə görüşüb Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanın Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Əmanət Bankları Maliyyə Qrupunun Ombudsmanı Mixael Hausnerlə görüşüb.
Maliyyə
22 Noyabr , 2017 14:57
Azərbaycanın Bank Ombudsmanı Almaniyanın Əmanət Bankları Maliyyə Qrupunun Ombudsmanı ilə görüşüb

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycanın Bank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Əmanət Bankları Maliyyə Qrupunun Ombudsmanı Mixael Hausnerlə görüşüb.

Bu barədə “Report” Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir.

Məlumata görə, görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov, Bank Ombudsmanının məsul katibi Elçin Həsənov, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun Azərbaycan üzrə nümayəndəsi Eduard Şmit və nümayəndəliyin Maliyyə savadlılığı və qənaət səfərbərliyi üzrə layihə köməkçisi Xuraman Hüseynzadə iştirak edib.

Görüşün əsas məqsədi Azərbaycanda yenicə yaradılmış Bank Ombudsmanı ilə Almaniyalı qonaq arasında təcrübə mübadiləsi və fikir mübadiləsi aparmaq olub. İ.Kərimov Bank Ombudsmanının yaranması, həyata keçirilmiş işlər, mübahisələrin əsas motivləri və onların həlli yolları, müraciətlərin statistikası, qurumun beynəlxalq əməkdaşlıqları haqqında məlumat verib. O, dünyada ilk Maliyyə Ombudsmanının 1992-ci ildə Almaniyada yaradıldığını, bu ölkənin təcrübəsinin digər ölkələr kimi Azərbaycana də proritet olduğunu və bu təcrübədən istifadə olunmasının əhəmiyyətini vurğulayıb, bu səbəbdən beynəlxalq təcrübənin, eləcədə Almaniya təcrübəsinin önəmli olduğunu qonaqların nəzərinə çatdırıb, eyni zamanda bu həftə ərzində onun da iştirak edəcəyi tədbirlər haqqında məlumat verib.

Daha sonra İ.Kərimovun, M.Haussnerin və banklarla fiziki şəxs müştəriləri arasında olan mübahisələrə Bank Ombudsmanının baxması və tərəflər arasında barışıq sazişinin bağlanılması üçün Bankların səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Bank Ombudsmanının yaradılma zərurəti, görülmüş işlər, müraciətlərin statistikası və icra vəziyyəti, əsas mübahisə motivləri, qarşıya çıxan problemlər və onların həlli yolları, qurumun beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.

Daha sonra çıxış edən İ.Kərimov problemli kreditlərlə bağlı yaranmış vəziyyəti nəticəsində məhkəmələrə müraciətlərin ildən-ilə daha da artığını qeyd edib, bu problemlərin tez bir zamanda həll edilməsinin vacibliyini vurğulayıb.

M.Hausner isə bildirib ki, Almaniyada 7 fərqli bank qrupu (Özəl, İctimai, Əmanət kassaları, Dostluq, Kənd təsərrüfatı, Arbitraj və Sənaye) fəaliyyət göstərir ki, hər qrupun da 2 Ombudsmanı vardır. Bu ombudsmanlar öz sahələri üzrə müstəqildirlər və müraciətlərə regional qaydada baxırlar: “Azərbaycan təcrübəsindən fərqli olaraq onlarda maksimum iddia məbləği müəyyən olunmayıb, lakin digər prosedurlar Azərbaycandakı təcrübəyə uyğun həyata keçirilir. Almaniyada Ombudsmanın verdiyi qərarları bankların yerinə yetirməsi faizi çox yüksəkdir və bu fəaliyyəti təmzimləyən ayrıca arbitraj qanunu qəbul edilib. Almaniyada da vətəndaşların müraciətlərinə ödənişsiz olaraq baxılır”.

Xatırladaq ki, Bank Ombudsmanın yaradılması haqında qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 3 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Hazırda Bank Ombudsmanı 25 bank və 2 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır. Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.

Son xəbərlər

Orphus sistemi