Yuxarı

​Azərbaycanda 3 iri bankın birləşməsi mümkündür

Paşa Bank, Kapital Bank və AtaBankın birləşəcəyi bildirilir

Bakı. 27 yanvar. REPORT.AZ/ Yaxın vaxtlarda Azərbaycanda başlayan bankların konsolidasiya prosesi çərçivəsində "Paşa Bank", "Kapital Bank" və "AtaBank" ASC-lərin birləşəcəyi gözlənilir. "Report"a bu barədə bank mənbələrindən məlumat verilib.

Lakin "Report"un müvafiq sorğularına bu bankların rəsmiləri mümkün konsolidasiya ilə bağlı konkret cavab verməyiblər.

"Paşa Bank"da məlumatı nə təsdiq, nə də təkzib ediblər. Bankdan rəsmi olaraq bu barədə məlumatsız olduqlarını açıqlayıblar.

"Kapital Bank"da isə məlumatı təkzib ediblər.

"AtaBank"da da məlumatı nə təsdiq, nə də təkzib ediblər. "AtaHolding"də bu barədə hər hansı məlumatın olmadığı bildirilib.

Qeyd edək ki, "Kapital Bank"ASC-nin səhmlərinin 99,87%-i "Paşa Holdinq"ə aiddir. Bankın nizamnamə kapitalı 185 mln. manatdır.

"Paşa Bank"ın səhmdarları isə iki hüquqi şəxs "Pasha Holding Ltd." (60%), "Ador Ltd." (30%) və bir fiziki şəxsdir (Arif Pashayev, 10%). Bankın nizamnamə kapitalı 333,0 mln. manat təşkil edir.

"AtaBank"ın səhmdarları "AtaHolding" ASC (76%) və fiziki şəxslərdir (24%), nizamnamə kapitalı (31.03.2015-ci il vəziyyətinə) 50 mln. manatdır.

Qeyd edək ki, hazırda ölkədə 37 bank fəaliyyət göstərir. Bu il ərzində Mərkəzi Bank tərəfindən 6 bankın -"Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBC Bank", "Qafqaz İnkişaf Bankı" və "Atrabank" ASC-lərin bank lisenziyaları ləğv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi